“Siyasətimizin ana xəttini vətəndaşların sosial təminatı təşkil edir” ÖZƏL-MÜNASİBƏT

Pandemiya dövründə də vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi prioritet məsələlərdəndir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, pandemiya dövründə 5 milyona yaxın vətəndaşımız həm sosial-iqtisadi və digər proqram çərçivəsində dövlət dəstəyindən faydalana bilib.

“İqtisadi proqram çərçivəsində 300 min fərdi mikro sahibkarlara dəstək, birbaşa maliyyə dəstəyi nümayiş olundu. Eyni zamanda 300 min vətəndaşımızın əmək haqları tam və ya qismən ödənildi. Eləcə də 600 min vətəndaşımıza aprel-may ayları birdəfəlik ödəniş həyata keçirildi, 287 min vətəndaşımız isə iyun-iyul aylarında bu yardımlardan faydalana bildi. Eyni zamanda sahibkarlar üçün birbaşa dəstəklə yanaşı dolayı təşviq paketləri təqdim olundu ki, bu da ondan xəbər verir ki, pandemiya dövründə vətəndaşlarımızın dəstəklənməsi prioritet olaraq qaldı. Bu isə öz növbəsində həm də ondan xəbər verir ki, post-pandemiya dövründə də bu məsələ prioritet olaraq qalacaq. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin ana xətti məhz vətəndaşların sosial təminatının gücləndirilməsidir”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...