“Hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökürlər” – Oqtay Hacımusalı

“Hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür. Şəhid adı üzərindən süni ajiotaj yaratmaq istəyənlər bir məqamı unudurlar, artıq müasir texnologiyalar elə həddədir ki, onların yalanının ömrü cəmi qırx dəqiqə belə çəkmir". Bu sözləri SİA-ya açıqlamasında qardaş Türkiyə Jurnalistlər Birliyinin Ankara şəhər şöbəsinin sədri, gazeteanka.com saytının baş redaktoru, yazıçı-jurnalist Oktay Hacımusalı bildirib. Onun sözlərinə görə, Azərbaycanda hər zaman mövcud olan, ermənilərin 12 iyulda Tovuza hücum cəhdindən sonra daha da intensivləşən xalq hakimiyyət həmrəyliyi belə görünür, kimlərinsə yuxusuna haram qatıb: “Həmin qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda daxili sabitliyi pozsunlar, vətəndaşlarımız arasında mövcud olan inamı sarsıtsınlar, bununla da hal-hazırda xaos və anarxiyanın lap pik nöqtəsində olan rəsmi İrəvana bir az da olsa zaman qazandırsınlar”.

Jurnalist bildirib ki, illərdir Avropada oturub Azərbaycanın əleyhinə fəaliyyət göstərən beş-üç nəfər var və həmin insanlar nə zaman ordumuz ermənilərin yaratmaq istədiyi təxribatlara əməli cavab verirsə, dərhal ortaya atılır və əhali arasında sosial şəbəkələr vasitəsi ilə heç bir əsası olmayan şayiələr yayır, çaşqınlıq yaratmağa cəhd göstərirlər: “Onları, əslində bizlər də, sadə vətəndaşlar da olduqca yaxşı tanıyırıq. Həbib Müntəzir də həmin qüvvələrdən biridir. Biz Həbib Müntəziri tanıyandan qeyri-ciddi, əsassız, qərəz və böhtan dolu dezinformasiya dolu fikirlər yaymaq, Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə çalışmaqla məşğul olduğunu bilirik. Biz onu gah qondarma “DQR”in bayrağını dalğalandıranda görürük, gah da AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı cənab Prezident çıxış edərkən ağzını bağlayıb arxasını Prezidentə çevirəndə. Hə, bir də ayrıca sosial şəbəkələr vasitəsi ilə tez-tez yalan məlumatlar yayır ki, artıq xalqımız da bir növ onun yalanlarına adətkərdə olub”.

“Həbib Müntəzirin son yalanı isə Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək, guya şəhid general Polad Həşimovun adına verilməsi barəsində paylaşdığı status oldu”, deyən Oqtay Hacımusalıya görə, şübhəsiz, ağlı başında olan insanlar dərhal anladılar ki, beyni qum saatı ilə işləyən bu ünsürün məqsədi nədir: “Həbib Müntəzirin Qəbələ rayonunda Tovuz döyüşlərində şəhid olan generalımız Polad Həşimovun adını əbədiləşdirərkən, Azərbaycanın digər igid və qəhrəman generalı Həzi Aslanovun adına sayğısızlıq göstərməsi yalanına inanan elə onun özü kimi düşünən, ölkədə xaos və anarxiya yaratmağa cəhd edən beş-üç nəfər olar. Regionda maraqları olan qüvvələrin Azərbaycanda xaos, anarxiya və qarşıdurma yaratma cəhdlərinə qarşı xalqımız daim ayıq-sayıqdır. Ölkə rəhbərliyi və onun komandası isə qəhrəmanların adlarının əbədiləşdirməsi zamanı heç vaxt belə addım atmaz. Yalan üzərində qurulan montaj edilmiş şəkillər, videolar vasitəsi ilə davamlı şəkildə gündəmi dəyişdirməyə cəhd edən, şəhid adı üzərindən süni ajiotaj yaratmaq istəyənlər bir məqamı unudurlar, artıq müasir texnologiyalar elə həddədir ki, onların yalanının ömrü cəmi qırx dəqiqə belə çəkmir. Sonda bir məqamı da əlavə edim ki, onsuz da hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökürlər. Ona görə də onların bu mənasız planları heç vaxt həyata keçməyəcək.”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə