Düşməndən betər düşmənçilik reallığı ANALİTİK

İstər “Milli Şura” olsun, istərsə də xarici ölkələrdə canfəşanlıq edən saxtakar “siyasi mühacirlər” olsun – dəfələrlə onların milli dəyərlərimizə qarşı nə qədər xəyanətlər törətdiklərinin şahidlərinə çevrilmişik

Azərbaycan dövlətinin və xalqının birlik və həmrəyliyi, eləcə də diaspor fəaliyyəti nəticəsində beynəlxalq aləm bir daha şahidi oldu ki, işğalçı Ermənistan rejiminin istər indiki, istərsə də əvvəlki hakimiyyətlərinin dövlət siyasəti vandalizmdən, terrordan, şovinizmdən və ultra-millətçilikdən ibarətdir. Xüsusilə, Türk dünyasına qarşı aparılan və uzun illəri əhatə edən bu mənfur siyasətin ifşa olunması isə əlbəttə ki, çətin idi. Çünki erməni lobbisi Qərbdə öz yerini kifayət qədər möhkəmləndirməklə yanaşı, həm də anti-türk siyasətini istədiyi istiqamətdə yönəldə bilirdi. Məhz Tovuz istiqamətindəki uğursuz təxribat cəhdindən sonra beynəlxalq diplomatiyanın Azərbaycanın ədalətli mövqeyinə dəstək göstərməsi lobbini daha azğınlaşdırdı və nəticədə hədəf erməni vəhşiliyinə qarşı etiraz səsini ucaldan azərbaycanlılara qarşı yönəldi. Amma göründüyü kimi, bu siyasətləri də iflasa uğradı və ermənilər rəsmi dövlət səviyyəsində uduzduqlarını etiraf etmək məcburiyyətində qaldılar. Əbəs deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan diaspor siyasəti ilə məşğul olan bir neçə rəsmini işindən qovdu.

Azərbaycana qarşı mənfur petisiya planını işə salmağa çalışan satqınların, məhz uduzmuş erməni lobbisinin təlimatları əsasında hərəkətə keçmələri gün kimi aydın görünməkdədir

Lakin bu məsələnin digər tərəfi də var və əsasən də, sapı özümüzdən olan baltalarla bağlıdır. Daha dəqiq desək, erməni qazanından şorba içməyə alışıq olan, erməni çörəyi ilə bəslənən milli xainlər yığnağı dərhal hərəkətə keçərək, indi də Azərbaycan hakimiyyətinə qarşı düşmən mövqeli çıxışlar edir, hətta sərsəm petisiya məsələsini qabardaraq, beynəlxalq təşkilatlardan ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsini tələb edirlər. Dünyanın pandemiya ilə çarpışdığı bir zamanda, ölkələrin iqtisadiyyatını qorumaqla yanaşı, xalqlarının qayğılarına, problemlərinin həllinə diqqətlərini artırdığı bir zamanda Azərbaycana qarşı mənfur petisiya planını işə salmağa çalışan satqınların, məhz uduzmuş erməni lobbisinin təlimatları əsasında hərəkətə keçmələri gün kimi aydın görünməkdədir. Yəni ölkəsinə, millətinə, dövlət maraqlarına qarşı yalnız pis niyyətdə bulunmağa başqa ad, başqa mənzərə də vermək mümkün görünmür. Çünki biz istər “Milli Şura” olsun, istərsə də xarici ölkələrdə canfəşanlıq edən saxtakar “siyasi mühacirlər” olsun – dəfələrlə onların milli dəyərlərimizə qarşı nə qədər xəyanətlər törətdiklərinin şahidlərinə çevrilmişik. Əgər neftin ucuzlaşmasına görə onlar bir-birlərini təbrik edirlərsə, yaxud koronavirus pandemiyasına görə karantin rejiminin uzadılmasını istəyirlərsə, infeksiyadan ölənlərin sayının çoxalmasını arzulayırlarsa, buna başqa hansı adı vermək olar?!

Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov, Leyla Yunus, Cəmil Həsənli, Əli Kərimli və başqaları nəyə görə Qarabağ həqiqətlərinin tanıdılması üçün heç bir dəfə də olsun petisiya keçirməyiblər?

Bu mənfur və idbar, ermənilərin əlinə oynayan oyunbazlığın növbəti cəhdi də, məhz xainliyə, satqınlığa yönəlib. Yəni fakt budur ki, erməni diasporu Azərbaycanın petisiyası qarşısında uduzdu və indi də erməni lobbisinin əlində oyuncaq olub xainlik edənlər də Azərbaycan xalqına, dövlətinə qarşı petisiya başladıb. Və əlbəttə ki, ictimai rəy də haqlı olaraq sual edir ki, erməni xidmətçiləri olan Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov, Leyla Yunus, Cəmil Həsənli, Əli Kərimli və başqaları nəyə görə Qarabağ həqiqətlərinin tanıdılması üçün heç bir dəfə də olsun petisiya keçirməyiblər? Misal üçün, nəyə görə və hansı səbəbdən onlar Dilqəm Əsgərovun və Şahbaz Quliyevin erməni əsirliyində işgəncə görməsi barədə beynəlxalq aksiya başlatmırlar?! Hansı səbəbdən və onlara nə mane olur ki, 1918-ci il soyqırımı, 1992-ci il Xocalı soyqırımının tanıdılmasını və ermənilərə sanksiya tətbiq olunmasını tələb etsinlər?!

Kozlariç kimi erməni əlaltısından iqtibas gətirən Əli Kərimlidən başqa nə isə gözləməyə də dəyməzdi

Yaxud, səfir işlədikdən sonra ölkəmizdə kirli biznes qurmaq istəyən və buna nail olmadıqdan sonra dərhal erməni lobbisinin əlaltısına çevrilən Riçord Kozlariçdən bəh-bəhlə iqtibas gətirən AXCP-nin sədri Əli Kərimli hansı üzlə, hansı mənəviyyatla, hansı ləyaqətlə xalqın dəstəyini gözləyir?! Qondarma “Dağlıq Qarabağ respublikası”nın sabiq saxta prezidentinin oğlu Saakyanla Azərbaycana sanksiya tələb olunduğu konfransda Əli Kərimlinin oğlu Türkel Kərimlinin də iştirakı birbaşa ermənilərə xidmət deyilmi?! Məgər Əli Kərimlinin həmin oğlu sanksiya qərarının tələbi irəli sürülərkən, ermənilərlə birgə həmin qərarı alqışlayaraq, ona əl çalmamışdımı?! Əslində, biz görür və dərk edirik ki, erməni lobbisi və hakimiyyəti bizə düşməndir, ancaq ağacı içdən yeyən qurdlar, sapı özümüzdən olan baltalar, düşmən dəyirmanına su tökən daha betər düşmənlərdirlər. Ona görə də, gec, ya da tez bu düşmənçiliklərinə görə öncə Azərbaycan dövləti və xalqı, daha sonra isə Allah qarşısında cavab verməli olacaqlar. Əlbəttə ki, veriləsi cavabları olacaqsa...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə