Anna Kostanyan: “Livan ermənilərinin Ermənistan respublikasına keçmələrinə şərait yaratsınlar” TƏLƏB

Ermənistanın baş naziri Nikol Paşinyanın başı yeni dərdə düşüb. Belə ki, Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışdan sonra orada yaşayan ermənilərin çoxu Ermənistana keçməklə, bir müddət təhlükədən qorunmağı tələb edirlər. Lakin koronavirus pandemiyası və eyni zamanda, Ermənistanda yoluxma hallarının artması səbəbindən ölkədə yaranmış böhranlı vəziyyət buna imkan vermir. Artıq siyasi partiya rəhbərləri də hakimiyyətdən Livanla hava yolunu açmağı, Livan ermənilərinin Ermənistana müvəqqəti olsa da gətirilmələrini istəyirlər.

“Beyrutda baş vermiş güclü partlayış havaya çoxsaylı toksik məhlullar yaya bilər və bu. həyat üçün təhlükəlidir. Şəhər rəhbərliyi, eləcə də Livanın FHN-i vətəndaşlara Beyrutu dərhal tərk etməyə səsləyib”.

SİA news.am-a istinadən xəbər verir ki, bu barədə “Maarifçi Ermənistan” partiyasının deputatı Anna Kostanyan özünün feysbuk səhifəsində yazıb.

Erməni deputat: "Yardım əlini yalnız təəssüf etməklə və başsağlığı verməklə uzatmırlar”

O, əsasən qeyd edib: “İndi bizim bir çox tanıdığımız və tanımadığımız həmvətənlərimiz Ermənistan respublikası rəhbərliyinə müraciət edirlər ki, Beyrutda yaşayan ermənilər Ermənistana keçə bilsinlər. Hesab edirəm ki, XİN nazirlər kabineti ilə birgə və mümkün qədər qısa zamanda Livan ermənilərinin Ermənistan respublikasına keçmələrinə şərait yaratsınlar. Yardım əlini yalnız təəssüf etməklə və başsağlığı verməklə uzatmırlar”.

Xatırladaq ki, ötən gün Livanda baş verən güclü partlayışdan sonra 100-dək adam həyatını itirib, yüzlərlə yaralılar var. Ölənlər və yaralananlar arasında ermənilərin də olduğu bildirilir. Beyrutun partlayışa yaxın ərazisində erməni məhəlləsi və Ermənistanın diplomatik nümayəndəliyi də yerləşir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə