Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat

Haqq və ədalətin inkarı: “Freedom House”un qərəzli hesabatları

Biz dəfələrlə Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca erməni lobbisinin maraqlarına xidmət göstərən üzdəniraq “Freedom House” təşkilatının hazırladığı “hesabatları” və tərtib etdiyi mətbuat azadlığı üzrə “reytinq cədvəlləri” çox əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Ancaq anlamaq lazımdır ki: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar. Əksinə, haqsızlıq mənbəyi olaraq görürlər. Strateji aspektdə itirən kim olur?

“Amerikanın səsi” də bu saxtakarlığa qoşulub

Belə ki, “Freedom House” növbəti hesabatında işğalçı Ermənistan rəhbərliyinə təriflər yağdıraraq iddia edib ki, guya Nikol Paşinyanın ölkəsində “siyasi liberalçılığı və hakimiyyətə gəlişi “DQR”ə müsbət təsirlər göstərib” (?!-R.H.) Yəni göründüyü kimi, bu saxta təşkilat Azərbaycanın de-fakto ərazilərini qondarma respublika olaraq göstərib.

Qaragüruh və radikal müxalifətçilər “Freedom House”nin çətiri altında erməni lobbisinin marağına xidmət edir

Yuyulmamış qaşıq kimi, ortaya atılan, qrantlara bütün mənəviyyatlarını, mənliklərini satan qaragüruh və radikal müxalifətçilər erməni lobbisinin marağına xidmət edərək “Freedom House”nin hər qərəzli hesabatına dəstək olaraq sosial şəbəkələrdən çağırışlar edirlər. Çünki özlərini siyasi müxalifət adlandıran bu qaragüruhçu, radikal müxalifət də zaman-zaman insan hüquqları və s. kimi məsələlərdə başlarını ermənilərin ələaltıları olublar. Əgər belə olmasa idi, bu gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “Milli Şura”nın sədri Cəmil Həsənli və sairləri bugünlərdə ictimailəşdirilmiş saxta “məruzəylə” bağlı etiraz səslərini ucaldardılar.

Amma bunu etmədilər. Nəticədə hər şey gün kimi aydındır – bu gün Azərbyacan əleyhinə fəaliyyət göstərənlər yalnız erməni lobbisinin tapşırıqları əsasında var-gəl edən xarici təşkilatlar deyil, eləcə də onlara züy tutan radikal müxalifət də ortadadır...

Dəlil yox, sübut yox..."qətnamə" var

Heç şübhəsiz, tənqid, kənardan baxış, ictimai nəzarət olmalıdır. Amma qərəzə heç bir halda yol verilməməlidir. İrad, məzəmmət, tövsiyə, lap elə nəsihətin özü münsiflik edən şəxsin dar, merkantil, tərəfkeş, fürsətcil niyyətlərindən deyil, xoş məramından çıxış etdikdə nəticəsi də faydalı, müsbət olur. Amma təəssüflər olsun ki, özlərinə təcrübə-sınaq poliqonu axtaran “Amnesty International” və onun “doğrularını” bölüşən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının, fondların, sorğu missiyalarının Azərbaycana yönəlik fəaliyyətləri onların hansı geosiyasi güclərinsə korporativ maraqlarının yedəyində getdiklərini, kimlərinsə “üzəngisini basdıqlarını” və nəticə etibarilə heç də həmişə ədalətlə uzlaşan qərarlar qəbul etmədiklərini ortaya qoyur.

İnsan hüquqları kimi fundamental dəyərlərə manipulyasiya və möhtəkirlik edən “Amnesty İnternational” və “K”-sı nədən 30 ildir ki, Dağlıq Qarabağda erməni separatçılarının qanlı əməllərinə biganə qalıb, Xocalı soyqırımına, Ermənistan-Azərbaycan münaqişəsi zamanı minlərlə günahsız insanın qətlə yetirilməsinə, dədə-baba yurdundan qovulmuş bir milyona yaxın insanın hüquqlarına kar və kor qalıb?!

Vətəndaş və siyasi hüquqlar xarakter və mahiyyətinə görə universal və fundamental bəşəri dəyərlər sayıldıqlarına görə onların müdafiəsi təkcə üç-beş ölkənin, beş-on təşkilatın deyil, bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsidir. Adları müxtəlif olsa da təyinatları eyni olan hüquq müdafiə təşkilatlarına “lövbərlərini” istədikləri “limana” atmağa imkan verən də məhz bu məqamdır - insan hüquqları konsepsiyasının universallığı və qloballığı. Azərbaycan bu məsələdə kifayət qədər aydın və qətiyyətli mövqe ortaya qoyub. Konstitusiyanın üçdə iki hissəsi insan hüquq və azadlıqlarını ehtiva edir. Bütün qanunverici aktlar, normativ hüquqi sənədlər ruhu və mahiyyəti etibarilə vətəndaşların qazanılmış hüquqlarına yaxınlaşdırılıb. İmplementasiya qaydasında “idxal” edilən, eləcə də beynəlxalq müqavilə və öhdəliklərdən irəli gələn normalar vətəndaşların fundamental hüquqlarının dominantlığını qəbul edir. Lakin o, artıq Qərbdən uzaqlaşaraq Azərbaycan kimi dövlətlərin milli fəlsəfəsinə çevrilib.

Hafiz Hacıyev: ““Freedom House” kimi təşkilatlar həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub"

“Freedom House” kimi təşkilatlar həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Biz çalışmalıyıq ki, onlara bu cür aldaldıcı şanslar verməyək. Azərbaycanda olan iqtisadi inkişaf, aparılan islahatları açıq-aşkar görməzlikdən gəlirlər. Bu cür qərəzli bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yolu ilə gedir və bu yolla da davam edəcək. Azərbaycanda olan azad demokratik ədalətli seçkilər heç bir yerdə yoxdur. Azərbaycan qədər seçkilərə diqqət yetirən, seçkilərin tam stabil, sakit, azad keçirildiyi heç bir yer yoxdur. Ona görə də seçkilərlə bağlı həmin hesabatda yazılanlar tamamilə əsassızdır. Bu hesabat adlanan söz yığnağı “Freedom House” təşkilatının Azərbaycana qarşı növbəti böhtanı və qərəzidir".

H.Hacıyev onu da bildirib ki, Azərbaycan müstəqillik illərində, xüsusən də son 17 ildə sürətlə inkişaf edib: “Əgər ”Freedom House" obyektiv təşkilatdırsa, bu inkişafı hesabatlarında yazmalıydı. Lakin heç zaman yazmırlar. Çünki qərəzlidirlər, Azərbaycanın inkişafını götürməyən qüvvələrin sifarişi, tövsiyəsi və göstərişləri ilə Azərbaycan barədə fikirləri hesabatlarına daxil edirlər. Azərbaycan dünyada ən tolerant, bütün millətlərin heç bir fərq qoyulmadan azad yaşadığı ölkə kimi dünyada tanınır. “Freedom House” bunu da görməzlikdən gəlir».

“Azadlığ”ın qara mikrofonu, yaxud səs Amerikanındırmı?

“Amerikanın səsi” və “Azadlıq radiosu”. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yerli bölmələri fəaliyyət göstərən bu media resursları ABŞ hökuməti tərəfindən maliyyələşir və əsas prinsiplərinin “obyektivlik, tərəfsizlik” olduğunu bəyan edirlər. Hər iki media resursunun yerli xidmətinin əsas fəaliyyəti Azərbaycana qarşıdır. “Amerikanın səsi” və “Azadlıq radiosu”nun iyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumunu və sonra baş verənləri necə təqdim etdiyini araşdıranda Azərbaycana qarşı qərəz və “obyektivlik” prinsipindən uzaq mövqe açıq şəkildə görünür. Ermənistanı düşmən hesab etməyən bu media resursları iyulun 12-dən sonra əsas xəbər yayımını “Azərbaycanda insan haqları pozulur” iddiası üzərində həyata keçirir.

Bəs, “obyektivlik və tərəfsizlik” prinsipi hara yoxa çıxdı? Məqsəd nə “obyektivlik və tərəfsizlik”, nə də demokratik prinsiplərin qorunmasına töhfə vermək deyil, açıq qərəzdir və bu qərəzin kim(lər) tərəfindən davam etdirildiyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət dinamikası fonunda şübhəli məqam olaraq qalır. Söhbət ondan gedir ki, bu kimi qurumların təmsilçiləri ölkəmizdə sivil, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində əldə edilən böyük uğurları, sosial-iqtisadi tərəqqini bilərəkdən görməzliyə vurur, bilərəkdən əks-təbliğat üçün yararlı, "qara piar" üçün faydalı hesab edilən təhrif olunmuş fikirləri qabartmağa çalışırlar. Artıq müvafiq araşdırmalar nəticəsində, bəlli olub ki, bu kimi qurumların Azərbaycanın əleyhinə hazırladığı hesabatlarda müəyyən ermənipərəst dairələrində marağı var və bu kimi hesabatlar, əslində, erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlanır.

Hər zaman qərəzli, birtərəfli mövqe

Bu, artıq bir tendensiya halını alıb və az qala haqqında söhbət gedən həmin qüvvələrin peşə məşğuliyyətinə çevrilib. Sanki bunların çörəyi Azərbaycanı tənqid eləməkdən, vaxtaşırı verdikləri palaz-palaz açıqlamalardan və hətta özlərinin də heyrət etdiyi hesabatlardan çıxır.

Məsələnin digər diqqətçəkən məqamı isə ondan ibarətdir ki, ölkəmiz haqqında davamlı olaraq neqativ rəy formalaşdırmaq missiyası daşıyan beynəlxalq təşkilatların sıralanması, əhatə dairələri, təsir imkanları da heç dəyişmir, daim eyni çərçivədə qalır. Elə bu səbəbdəndir ki, artıq "Human Rights Watch", Amnesty İnternational", "Norveç İnsan Haqları Evi", "Freedom House" kimi təşkilatların adı eşidilərkən ağıllara tənqiddən, qərəzdən, hikkədən, məkrdən başqa bir şey gəlmir.

Bu mənada, heç onların hesabatlarını oxumağa da ehtiyac qalmır. Çünki həmin təşkilatlar öz hesabatlarını hazırlayarkən ölkədəki real durumu dəyərləndirilməyə ehtiyac duymur, nə deyəcəklərini öncədən müəyyənləşdirirlər. Proseslərə qiymət vermək üçün istinad etdikləri mənbə də həmişə dəyişməz qalır: Azərbaycandakı "5-ci kolon"un nümayəndələri, onların sərsəm fikirləri, ölkə haqqında qərəzli və siyasi məqsəd güdən qənaətləri. Nədir bunların Azərbaycandan istədikləri, verib-almadıqları? Niyə hesabatlar hazırlanarkən, ölkəmiz haqqında hər hansı bir fikir yürüdülürkən gerçəklik təhrif olunur, məsələlərin təfsilatına varılmır? Məqsəd hüquqi nihilizm mühiti yaratmaqdır və onların hazırladıqları həqiqətə uyğun olmayan, qərəzli hesabatlar özlərinin nüfuzuna kölgə salıb və bundan sonra da belə olacaq. Və düşmən baltasına “sap” olanlar və ya sadəcə satılan, uğurlarımızı həzm edə bilməyənlər hər vəchlə ölkəmizə, dövlətimizə, xalqımıza qara yaxmağa çalışanlar heç bir şeyə nail ola bilməyəcəklər. Antiazərbaycançı dairələr ölkəmizə qarşı yeni çirkin kampaniyalarını davam etdirilər. "Amnesty İnternational", "Human Right Watch" və "Fredom House" kimi təşkilatlar tərəfindən antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlanan, qərəzli və heç bir əsası olmayan hesabatların bu günə kimi heç bir nəticə verməməsi bunu təsdiq edir. ffXaricdən maliyyələşən "Azadlıq" radiosunun Bakı bürosunun hansı məqsədə, amala xidmət etdiyi əslində heç kəsə sirr deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu dünya tərəfindən qəbul olunub. Azərbaycanın düşmənləri belə çirkin vasitələrlə dövlətimizin nüfuzunun sarsıda bilməyəcəklər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...