DSMF-də Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib

DSMF-də Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunub. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib. Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan edib.


S.Müslümov vurğulayıb ki, Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməyib. Həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Ümummilli liderin məlum sərəncamı ilə təsdiq edilmiş Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoyub.


Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin sədri Fikrət İsmayılov çıxış edib. F.İsmayılov və digər natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən danışıblar.


Konfransın sonunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə DSMF strukturlarının komandaları arasında keçirilən mini-futbol və şahmat turnirlərinin qalibləri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə