Ermənistan regionda yad qüvvələrin maraqlarının icraçısına çevrilib - MÖVQE ÖZƏL

Ermənistan regionda yad qüvvələrin maraqlarının icraçısına çevrilib - MÖVQE ÖZƏL

"Azərbaycan Prezidenti Şəki səfəri çərçivəsində ölkənin bir sıra daxili siyasəti məsələləri ilə bərabər ən mühüm xarici siyasət mənafeləri ilə bağlı da maraqlı fikirlər səsləndirdi. Xüsusilə də, bizim xarici siyasətimizin ən önəmli hissəsini təşkil edən Dağlıq Qarabağ problemi kontekstində və Ermənistanın apardığı bugünkü siyasətin təcavüzkar mahiyyətinin ifşa olunması baxımından deyilən fikirlər çox qiymətlidir. Azərbaycan Prezidenti Azərbaycan diplomatiyasının ən uğurlu nəticələrindən biri olan Ermənistanın regional blokadasının getdikcə dərinləşdirilməsi və bölgədəki təcavüzkar siyasətin cilovlanmasında Azərbaycanın bu strategiyasının verdiyi böyük nəticələrlə bağlı fikirləri xüsusi diqqət cəlb edir. Azərbaycan Prezidenti haqqlı olaraq qeyd etdi ki, Ermənistan məhz ağardığı təcavükar siyasətin nəticəsi olaraq bütün regional layihələrdən kənarda qalır ki, bu da regionun özündən daha çox Ermənistana böyük iqtisadi zərbələr vurur". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənitanın özü bir dövlət olaraq təbii ehtiyatlardan məhrum olduğuna görə, regiondakı layihələrə çıxışı olmadığı üçün sözsüz ki, ağır vəziyyətə düşüb: "Bir vaxtlar biz əgər Ermənistanın blokadaya alınması ilə əlaqədar Azərbaycanın apardığı siyasəti dünyaya bəyan etməyə müəyyən qədər çəkinirdiksə, artıq bu gün Azərbaycan Prezidenti bunu ölkəmizin ən uğurlu siyasət istiqamətlərindən biri kimi təqdim edir və tamamilə doğru mövqedən çıxış edir ki, Ermənistanın təcavüzkar siyasəti davam etdikcə Azərbaycanın ona qarşı regional blokada və regional layihələrdən təcridetmə siyasəti də davam etdiriləcək və bu siyasət Ermənistan təcavüzkar siyasətindən əl çəkənə kimi davam edəcək. Ermənistanın təkcə regionda yox, ümumən dünya miqyasında apardığı qeyri-səmimi, ziddiyətli və dağıdıcı siyasətin mahiyyətinin ifşa olunmasında da Azərbaycan Prezidentinin son dediyi fikirlərin böyük əhəmiyyəti var".

Politoloq qeyd edib ki, xüsusilə Ermənistanın bir dövlət olaraq ziddiyətli, məntiqsiz siyasət aparması cənab Prezidentin fikirlərinin içində xüsusi diqqəti cəlb edir: "Təhlillər göstərir ki, Ermənistanın bugünkü hakimiyyəti hətta Ermənistan dövlətinin özünün maraqlarından yox, regionun sülh və təhlükəsizlik maraqlarından yox, bu regionda onun müttəfiqləri olan dövlətlərin mənafelərindən yox, tamamilə başqa qüvvələrin mənafelərindən çıxış edir. Bu da, cənab Prezidentin haqqlı olaraq dediyi kimi Ermənistanın SOROS fondu və onu çevrəsində olan şəxslər tərəfindən idarə edilməsinin məntiqi nəticəsi kimi meydana çıxır. Beləliklə, Ermənistanın indiki hakimiyyəti bizim regionumuzda tamamilə yad qüvvələrin maraqlarının və strategiyalarının icraçısına çevrilib. Bunun da nəticəsi özünü müxtəlif istiqamətlərdə göstərir".

A.Quliyev vurğulayıb ki, bir tərəfdən Ermənistanın iqtisadiyyatı məhv olur, erməni cəmiyyətinin özü böyük sosial-iqtisadi fəlakətlərə düçar olur, digər tərəfdən isə Dağlıq Qarabağ probleminin həll olunmasında demək olar ki, tam dağıdıcı mövqe tutmaqla regiondakı sülhün və sabitliyin sabahkı taleyini sual altında qoyur: "Ona görə, Azərbaycan Prezidentinin Şəkidə Ermənistanın Qarabağa yönəlmiş bu gün apardığı siyasət və ümumiyyətlə bir dövlət kimi siyasətinin mahiyyəti barədə dedikləri, eləcə də Ermənistanın regional layihələrdən təcrid edilməsi istiqamətində bizim ölkəmizin apardığı siyasət haqqında fikirləri dünya üçün çox ciddi mesaj olmalıdır. Dünya bu mesajları ciddi qəbul etməli və bunların əslində təkcə Azərbaycanın yox bütün regionun mənafeyinə uyğun olan fikirlər olduğunun fərqinə varmalıdır. Əgər bu cür nəticələr çıxarılarsa, aydın məsələdir ki, Ermənistanın təcavüzkar siyasətini cilovlamaq üçün dünya birliyi tərəfindən müəyyən təsirli addımlar atıla bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə