Osmanqızının ötürdüyü mesajlar nəyə hesablanıb, bunu bilirik ... Türkiyədən yazırlar
Görəcəksiniz, əvvəlcə "Amnesty İnternational", dalınca da beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı müstəqil (?!) jurnalist Sevinc Osmanqızına qarşı yaranan ictimai qınağı "mənəvi terror" adlandıracaq, onların burdakı əlaltıları isə iqtidarı günahlandıracaqlar ki, kadrlarda səsləndirilən fikirlər kontekstdən çıxarılıb, qayçılanıb, əslində orda guya Sevinc Osmanqızı Qarabağı elə bizim torpaqlar kimi göstərib, burda heç bir erməni dəyirmanına su tökməkdən söhbət belə gedə bilməz. Bəli, əfəndilər, indidən bu məsələ belə pərvazlanmağa başlayıbsa, hər şeyi yuxarıda yazdığım kimi görəcəksiniz, Sevinc Osmanqızından "Raif Bədəvi" və "Ənsaf Heydər" düzəltməyə cəhd göstərəcəklər...
Əslində, bu ssenari tanış ssenaridir, illərdir Əli Kərimlisindən başlayaraq, lap belə Günel Mövluduna kimi, Sevinc Osmanqızı da bunların başında gələnlərdəndir, ucuz təbliğat maşınları ilə gündəmdə saxlamağa cəhd göstərirlər. Gah Orduxan çıxır bu aksiyalar məni aradan götürməyə hesablanmışdı deyir, gah Günel Mövlud həmin aksiyaları dəstəkləmədiyini qeyd edib humanizm göz yaşlarına boğularaq "sülhə gəlin, ey insanlar" çağırışını edir, gah yarımçıq inqilabçı Qiyasbala intihara cəhddə bulunur, belə-belə həmin üzdəniraq təşkilatların da əlinə kart keçir ki, Azərbaycana qarşı təzyiqlər etsin. Diqqət edin, Sevinc Osmanqızı həmin verilişdə bir əsas xətti ştrix kimi təqdim edir tamaşaçılarına: hücum edən tərəf Azərbaycandır, hər iki məkanda da: həm cəbhədə, həm də xaricdə keçirilən aksiyalarda. Bu tezis ona kim tərəfindən ötürülüb o da bəllidir: dünyadaki antimilli mərkəzlər. Həmin mərkəzlərin də ermənilərlə həmrəy olduğuna dair heç kimsənin şübhəsi olmasın və əminəm yoxdur da. Bir məqam da diqqətimi çəkdi kadrda: ABŞ-da bir azərbaycanlı gəncin dediyi bir söz. Sevinc Osmanqızı bir neçə dəfə həmin ifadənin altından qırmızı xətt çəkirmişcəsinə dilə gətirir: BİZ SONUNA KİMİ SAVAŞDIQ… Burada diqqət etməli olduğumuz iki məqam var:
1.Osmanqızı burada tamaşaçılarının şüuraltısına mesaj göndərir: məğlubluq kompleksini körükləyir. Guya əsas hadisə kimi ABŞ-da keçirilən mitinqlər götürülür, alt qatda isə I Qarabağ müharibəsi ilə bağlı sublimal mesaj var. Yəni, diqqət edirsinizsə, deyilən cümlə yarımçıqdır və bitməyib: BİZ SONUNA KİMİ SAVAŞDIQ… Sonrasında isə… Sonrasında məğlub olduq… Əgər məğlub olacaqdınsa, nə gərək var idi savaşmağa?! Bakıda və ümumilikdə Azərbaycanda artan vətənpərvərlik əhvali-ruhiyyəsi bu tezisi Osmanqızının önünə qoyanları narahat etdiyini də nəzərə alsaq, məncə məhz bu məqamda məğlubluq kompleksinə vurğu göndərmələri anlaşılandır.
2.Heç kəsə sirr deyil ki, imperialist qüvvələrin və onların Azərbaycandakı əlaltılarının illərdir ölkədə regionlararası ədavəti qızışdırma cəhdləri Osmanqızının xəstə təfəkkürü ilə birləşəndə ortaya atılan tezis də bir tərəfdən tamaşaçılara ötürülür: VƏTƏNŞİVƏNLİK! Xalqın jarqon təfəkküründə kimin şivənlik etdiyini nəzərə alsaq və "Vətən" kəlməsinin hardasa "ANA" kəlməsi ilə sinonim kimi işlədildiyini bildiyimiz üçün məsələnin olduqca təhlükəli məqamlara gedib çıxa biləcəyini hesablamaq elə də çətin olmaz. Yəni, ABŞ-da və digər Avropa ölkələrində yaşayan azərbaycanlılara mesaj verilir: Qarabağ münaqişəsi o ərazilərdə yaşamış insanların lokal münaqişəsidir və Azərbaycanın digər bölgələrindən olan vətəndaşlara bunun nə aidiyyatı? Sosial mediada bəzi regionda maraqlı qüvvələrin nəzarətində olan profillər vasitəsi ilə ötürülən mesajla necə də səsləşir, elə deyil? Amma Sevinc Osmanqızı da, onun ağaları da, onların müttəfiqləri bir şeyi nəzərdən qaçırırlar: Azərbaycan xalqı anasını da, Vətənini də qorumağı bacarır, ayrıca kimin nə şüvənliyi edəcəyini və etdiyini də çox gözəl bilir. Daha çox şeylər də yazmaq olardı: amma adam şəhid Osman Mirzəyevin ruhundan həya edir. Sevinc Osmanqızının bizdən fərqli olaraq belə şeylər vecinə belə deyil.
Oktay Hacımusalı,
Türkiyə Jurnalistlər Birliyinin Ankara təmsilçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB