Əli Kərimlinin işlədilib-atılmış “salfetkaları” MÜXALİFƏT

Əli Kərimlinin işlədilib-atılmış “salfetkaları” MÜXALİFƏT

Növbədə kimlərdir?

Sirr deyil ki, AXCP sədri Əli Kərimli zaman-zaman özünə lazım olan adamlardan şəxsi divident və məqsədləri üçün maksimum istifadə etdikdən sonra, onları sözün əsl mənasında işlədilmiş “salfetka” kimi tullayır bir kənara. Heç bir insani davranışa aid edilə bilinməyəcək belə bir sərsəm düşüncə ilə özünü “müxalifətin lideri” olaraq zorla ictimai rəyə sırımağa cəhdlər göstərən “cəbhəçilərin” sədrinin dəfələrlə belə əmələ rəvac verməsi artıq faktlarla da təsdiq edilə bilər. Onun zaman-zaman ölkədəki sabitliyi pozmağa yönəlmiş cəhdlərinə aldanan gənclərin yarımçıq qalmış təhsillərindən tutmuş pozulmuş əxlaqlarına, habelə həbslərə düşərək bir kənara atılan insanların ah-nalələrinin hər biri bilavasitə Əli Kərimlinin boynundadır və əlbəttə ki, o istər burada, istərsə də o biri dünyada həmin əməllərinə görə mütləq cavab verməli olacaq.

Bəs hanı Oqtay Gülalıyev üçün yığılmış pul-paralar, Əli Kərimli?

Yeri gəlmişkən, daha bir amili də xatırlatmaq yerinə düşərdi. Bəllidir ki, avtoqəza nəticəsində ağır yaralanan hüquq müdafiəçisi, eləcə də “Milli Şura”nın üzvü Oqtay Gülalıyev hələ də müalicə altında saxlanılmaqdadır. Lakin onu da xatırlatmaq olar ki, Oqtay Gülalıyev qəza keçirdikdən bir neçə gün sonra onun bütün müayinə və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Məhz bu məlumat yayılan kimi Əli Kərimli və onun “Milli Şura”dakı havadarları qəza keçirmiş hüquq müdafiəçisinin adından sui-istifadə edərək, pulyığma kampaniyası düzənlədilər. Lakin məlum məsələ idi ki, əgər O. Gülalıyevin müalicəsini Heydər Əliyev fondu öz üzərinə götürübsə, onun üçün əlavə hər hansı pul-para yığmaq kampaniyasına ehtiyac da yox idi. Ancaq sonradan o da məlum oldu ki, sən demə O. Gülalıyevin müalicəsi üçün yığılmış pul heç gedib ona çatmadı da (!). Bu barədə O.Gülalıyevin oğlu da sosial şəbəkədə məlumat vermiş, Ə.Kərimlinin “bostanına daş ataraq”, kimlərinsə onun atasının adından istifadə edərək pul yığmaq cəhdlərini dələduzluq adlandırmış və atasının bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənildiyini bildirmişdi.

Görünür ki, məhz bu olaydan sonra Əli Kərimli yığılan pulu Oqtay Gülalıyevə göndərməkdən imtina etdiyi kimi Oqtayın özündən də imtina edib, yəni artıq onu özünə yararsız bilərək, işlənmiş “salfetkalar” sırasına aid edib.

AXCP sədri üçün şahmat oyununda daha çox vurulan piyadalardan başqa heç nəyi kəsb etmir

Söz yox ki, Ə.Kərimliyə növbəti qurban lazım idi və həmin qurban kim olsa yaxşıdır? Törətmiş olduğu korrupsiya əməllərinə görə prokurorluq orqanlarından qovulan və atası Eldar Sabiroğlu tərəfindən övladlıqdan çıxarılan Rüfət Səfərov! Sual yaranır ki niyə məhz Rüfət Səfərov? Bu sualın da cavabı bəsitdir. Ə.Kərimli bilir ki, R.Səfərov doğma atasının üzünə ağ olub, dönük çıxdığı kimi bir gün ona da qarşı çıxa bilər. Məhz həmin anda Ə.Kərimli R.Səfərovu yerinə oturda bilmək və keçmişini üzünə vurmaq üçün “müdafiə xəttini” ona tapşırıb.

Təəssüf ki, sabiq prokuror hələ də başa düşmək istəmir ki, o AXCP sədri üçün şahmat oyununda daha çox vurulan piyadalardan başqa heç nəyi kəsb etmir. Yəni çox yaxın zamanlarda biz O. Gülalıyev kimi, elə R.Səfərovun da işlədilmiş “salfetkalar” sıralamasına aid ediləcəyinin şahidlərinə çevriləcəyik...

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə