Millət vəkili: “Hər bir azərbaycanlı gənc 4-5 amerikalı gəncin potensialına, intelektinə malik olmalıdır” - AÇIQLAMA

Millət vəkili: “Hər bir azərbaycanlı gənc 4-5 amerikalı gəncin potensialına, intelektinə malik olmalıdır” - AÇIQLAMA
"Bu gün dünya həm ərazi, həm dini, həm də irqi cəhətdən bölünüb. Hər bir millətin dini və irqi var var və bilinir ki, kim necədir. İndi isə dünyanı üçüncü bir müstəvidə bölmək lazımdır. Bu da enerji bölümüdür". SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bu gün böyük dövlətlər yeraltı enerjilərin yeni xəritəsini tutmağa çalışırlar və bu da açıq-aydın görünür. Onun fikrincə, bu məsələlərdə də ikili standartların müəyyən dərəcədə rolu var. Enerjinin də əsasən müsəlman dövlətlərində, o cümlədən Azərbaycanda olduğunu deyən millət vəkili vurğulayıb ki, dünyada yaradılan qarşıdurmaların hamısının bazasında o enerji durur.

"Bu gün küçəyə çıxan adamlara sual olunur ki, kimi hakimiyyətə çağırmaq istəyirsiz, nə fikirləşirsiniz. Məgər çağırmaq istədiyiniz adamlar bilmirlər ki, Azərbaycan torpaqlarının qaytarılması üçün BMT-nin 4 qərarı var. Dünyada 2-ci belə bir qərar yoxdur ki, o həyata keçirilməsin. 4 dəfə belə qərar qəbul edilib ki, Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır, bu təcavüzdür. Ancaq bu yerinə yetirilməyib. Çox ağıllı və məntiqli olmaq lazımdır. Hər bir azərbaycanlı gənc 4-5 amerikalı gəncin potensialına, intelektinə malik olmalıdır, çünki onların problemləri çoxdur. Heç kimin günahı deyil ki, kiçik dövlətdə, kasıb ailədə anadan olub və heç kimin üstündə fəxarət deyil ki, böyük dövlətdə, imkanlı ailədə böyüyüb-başa çatıb. Ona görə də bütün kiçik dövlətlər qloballaşmaya gedir ki, kiçik dövlətin gənci də böyük dövlətin gənci kimi özünün sərbəst hiss etsin. Bizim gəncin problemi nədən ibarətdir? Gənc oxumalı, "böyük dövlətlərimiz"in dilini bilməli, vətəni, torpağı qorumalı, hərbi xidmətə getməlidir. Biz də istəyirik ki, Azərbaycan gəncləri digər ölkə gəncləri kimi sərbəst olsun. Ona görə də qloballaşmaya gedilir. Amma biz gedən prosesdə ikili standartlar ortaya çıxır. Ona görə də hər birimiz cəmiyyət içərisində böyük təbliğatçıya çevrilməliyik. Bu çox vacibdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə