“Antimilli ünsürlər sosial şəbəkələr vasitəsilə yalan məlumatlar yayırlar” RƏY-ÖZƏL
“Prezident İlham Əliyev nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın ən informasiyalı şəxsidir. Təbii ki, baş verən hadisələr, onların mahiyyəti, kimlər tərəfindən planlaşdırılması barədə dəqiq məlumatlara malikdir. Bununla yanaşı, Prezidentin çıxışı həm də yaxın tarixdə müşahidə edilən təcrübəyə əsaslanır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, Azərbaycanda yaxın tarixdə yaxşı və ya pis mənada baş verən bütün hadisələr zamanı “5-ci kolon” nümayəndələrinin aktivləşməsinin, hadislərədən yararlanmaq istəmələrinin hamımız şahidi olmuşuq: “2016-cı ilin aprel döyüşləri zamanı “5-ci kolon” üzvlərinin necə mövqe sərgilədiklərini, düşmənə necə informasiya dəstəyi verdiklərini hər kəs xatırlayır. Bu azmış kimi, hətta xalqımız üçün müqəddəs günlərdə 20 Yanvar Şəhidlərinin xatirələrinin anılması mərasimi zamanı həmçinin, Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması mərasimi zamanı “5-ci kolon” üzvlərinin və radikal düşərgə təmsilçilərinin hansı oyunları çıxardıqlarını yaxşı xatırlayırıq. Onlar ümumxalq məsələsi olan bu cür anlarda da iğtişaşlar törətməyə, xalqda çaşqınlıq yaratmağa, öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Bu ənənəyə əsaslanıb düşünmək olurdu ki, “5-ci kolon” karantin dövründəki çətinliklərdən, həmçinin, Tovuzda baş verən hadisələrdən də yararlanmağa, əhalidə çaşqınlıq yaratmağa çalışacaqlar. Bu gözləntilər özünü tezliklə doğrultdu. Onlar iyulun 14-15-də vətəndaşlarımızın ən ülvi, müqəddəs, vətənpərvərlik duyğularının təsiri altında atmış olduqları addımları, aksiyanı kontekstdən çıxarmağa, yanlış istiqamətə yönləndirməyə çalışdılar”.
M.Ələsgərli onu da bildirib ki, Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu nümayiş etdirmək üçün keçirilirdi, alqışlanmalıdır: “Aksiya iştirakçılarının səfərbərlik elan olunmasını istəmələri qürurvericidir. Amma “5-ci kolon” nümayəndələri, fürsətçilər aksiyanı kontekstdən çıxarıb Milli Məclisi dağıtmağa, dövlət əleyhinə çevirməyə çalışdılar. Onlar hər yerdədirlər, həmişə ayıqdırlar və hər saniyə hücuma keçə bilirlər. 14 iyul aksiyasından da yararlandırlar. Şəraitdən sui-istifadə edərək gecə saatlarında Milli Məclis binasına soxulmaqla insanlarda ötən əsrin 90-cı illərin xaos təəssüratını yaratmaq istədilər. Məhz 90-cı illər ab-havası ilə yanaşmalarından bəlli olur ki, 14 iyul aksiyasını kontekstdən çıxarmaq istəyənlər həmin 90-cı illər iqtidarı nümayəndələri, bu günkü radikal düşərgə təmsilçiləridirlər. Bu antimilli ünsürlər sosial şəbəkələr vasitəsilə cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayırlar. Bu cür əməlləri ilə həm də düşmənə xidmət edirlər. Deməli, elə “5-ci kolon” nümayəndələridirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB