Azərbaycanın xarici diplomatiyası Prezidentin sayəsində uğurlu addımlar ata bilir - MÖVQE ÖZƏL

"Cənab Prezident öz mədəniyyətinə və əxlaqına uyğun olaraq bir çox məsələləri açıb ortaya qoymadı, amma burada xüsusi siyasi xəyanətdən söhbət gedir. Xarici İşlər naziri bir növ sanki Azərbaycan dövlətindən, hökumətindən heyif çıxır. Prezidentin göstərişi ilə Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş nazir Əli Əsədov Elmar Məmmədyarova zəng edib hazırki vəziyyətdə harada olduğunu soruşduqda, bildirir ki, evdən işləyirəm. Bir nazir kimi Azərbaycanın bu vəziyyətində sizin səsiniz bütün dünyaya yayılmalı idi. Səfirliklər dayanmadan işləməli idi". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O, bidirib ki, necə olur ki, öz şəxsi maraqları üçün bütün səfirliklər xalça satmaqdan tutmuş, siqaret satmağa qədər bütün biznes növləri ilə məşğuldurlar: "Pandemiya zamanı tibbi əlcəklərin satışına başlayıblar. Yəni, biznes sahəsində Azərbaycanın Xarici İşlər nazir və onun xaricdəki səfirlikləri yüksək fəallıq göstərirlər, lakin vətən üçün yox. Azərbaycanın yox, özlərinin maraqları üçün yatmadan işləyirlər. Səfirlərə bu şəraiti yaradan bu nazirə və nazirliyin işçilərinə Azərbaycan dövləti, cənab Prezident etibar edib. Bu adamlar bu qazandıqlarının əvəzində xalqa qaytarmalı olduqları vicdan borcunun, onlara etimad göstərən Prezidentə sədaqət borcunun əvəzində nə ilə məşğuldurlar!? Hamısının övladları, evləri xarici ölkələrdə. Adi səfirlər belə oleqarx həyatı yaşayırlar. Görün nazir nə qədər saymazdır ki, Baş nazirə deyir ki, mən evdən işləyirəm. Yəni, siz orada gecə-səhərə qədər yatmayıb iş başında olmağınızın mənə dəxli yoxdur".

Politoloq bildirib ki, nazir görün nə qədər irəli gedir ki, hətta cənab Prezidentin belə fikirlərini bir kənara qoyub: "Prezidentin fikirləri ilə əlaqədar ona sual verdikdə cavabı belə olur ki, söz tapdınız məndən soruşmağa? Sizin haqqınızda ölkənin Başçısı çox mədəni və ağıllı tənqidi fikir söyləyir. Bir nazir kimi çıxıb xalqdan, Prezidentdən üzr istəmək əvəzinə məsələyə bu cür yanaşırsınız. Əgər nazirimiz biraz diplomatik savada malik olsaydı, ən azından belə bir həssas zamanda diplomatik gediş edərdi. Bütün bunların əksinə qeyd edir ki, sizə Leyla Abdullayeva cavab verəcək. Bəli, sizin 4,5 milyon dollarlıq mülkünüz barədə Leyla Abdullayevə deyib ki, o Elmar Məmmədyarovun şəxsi işidir. Necə şəxsi işidir!? Sizin nazirlik yeganə nazirlikdir ki, vətəndaşlardan yığılan vergilərin hesabına Azərbaycan dövlətinin təmsilçilik siyasətini həyata keçirirsiz. Bu nazirlik sizə bizneslə məşğul olmaq üçün həvalə edilməyib. Bu nazirliyin əməkdaşları hər şeydən biznes düzəldiblər. Məsələn xaric gedən tələbələrin sənədlərini təsdiqləməkdən, vizaları verməkdən, diplomatik və xidməti pasportları satmaqdan və.s.".

C.Nuriyev vurğulayıb ki, hansı səfirliyə baxsanız hamısı ancaq biznes yerləri axtarırlar: "Bu gün Azərbaycanın xarici diplomatiyası cənab Prezidentin sayəsində uğurlu addımlar ata bilir. Nazirliyə qalsa bizim diplomatiyamız sıfır olar. Nazirliyin həyata keçirdiyi diplomatiya sırf oleqarxiya diplomatiyasıdır. Onlarçün diplomatiya bazarında ancaq iqtisadi maraqlar var. Siyasi maraqlardan söhbət gedə bilməz və bu çox təhlükəli meyildir. Düşünürəm ki, cənab Prezident təkçə bu naziri yox, onun özü kimi biznes şəraiti yaradan müavini və eyni zamanda xüsusilə Avropada həmin biznesi həyata keçirən səfirlərin 70-80 faizi dəyişməlidir. Bir Moskvada Polad Bülbüloğlu çıxdı camaat qarşısına. Bəs Fransada, ABŞ-da, Avropanın digər ölkələrindəki səfirlər hardadır? Niyə mövqelərini bildirmirlər!? Uzağa getməsək elə yaxın qoşu Türkiyədəki səfirimizin səs-sorağı gəlmir. Türkiyə Prezidenti, Xarici İşlər Naziri, bir çox rəsmiləri Azərbaycan haqqında fikirlər söyləyir, Türkiyə Parlameti, Müdafiə Nazirliyi ayağa qalxıb. Bizim səfirlikdən səs çıxmır. Bu nə biyabrçılıqdır!?

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə