"Sizin "döyüş" əmrinizi gözləyirik" PREZİDENTƏ MƏKTUB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən məktublar ünvanlanmaqda davam edir. SİA həmin məktubları təqdim edir:

Hörmətli cənab Prezident. Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq çox təsirləndirdi. Sizin komandanlığınızla bu ruhla, bu inamla və ən əsası xalqın gücünü, dəstəyini bu cür hiss edən bir ordunun qarşısını heç bir ordu kəsə bilməz.

Cənab Prezident, biz Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin üzvləri Sizin “döyüş” əmrinizi gözləyirik.

Hörmətlə, Tağızadə Cəlal Əbülfət oğlu. Azərbaycan Respublikası, Samux rayonu.

Hörmətli cənab Prezident. Bu günlərdə sərhəd bölgəmizdə güclü ordumuzun düşmənə sarsıdıcı zərbələrlə onların döyüş mövqelərini darmadağın etməsinin şahidiyik. Biz bir vətəndaş olaraq, bir əsgər olaraq hər zaman Sizin yanınızdayıq. Qələbəni səbirsizliklə gözləyirik.

Mən ehtiyatda olan əsgər kimi döyüşə hazıram. Biz Sizinlə bir yerdə güclüyük. Sizin döyüş əmrinizi gözləyirik.

Hörmətlə, Kazımlı Elvin Lətif oğlu. Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Hörmətli cənab Prezident. Biz gənclərə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətənin bu çətin günündə biz gənclər Vətən qarşısında öz borcumuzu qaytarmağa hazırıq.

Cənab Ali Baş Komandan, bütün məcburi köçkün gəncləri adından deyə bilərəm ki, hər birimiz əsgərik və bunu Sizin bir əmrinizlə mənfur düşmənə sübut etməyə, Sizin rəhbərliyinizlə öz ata-baba yurdumuzu erməni işğalçılardan təmizləməyə hazırıq.

Hörmətlə, Ayna Zeynalova. Azərbaycan Respublikası, Zəngilan rayonu.

Hörmətli cənab Prezident. Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin döyüş əmrinizi gözləyir və iradənizə inanıram.

Hörmətlə, Abdullayev Teymur Firdovsi oğlu. Azərbaycan Respublikası, Samux rayonu.

Hörmətli cənab Prezident. Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz. Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir. Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.

Cənab Prezident, biz gənclər Sizi, Sizin siyasətinizi dəstəkləyirik və Sizin əmrinizi gözləyirik.

Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Biz gənclər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazırıq. Biz birlikdə güclüyük.

Möhtərəm cənab Prezident, bütün sahələrdə yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın.

Hörmətlə, Nəbiyev Əli Elxan oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...