“Bu xalqla necə qürur duymayasan, necə vurğun olmayasan?” ÖZƏL-MÜNASİBƏT

“Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Tovuz, Qazax, Ağstafa, Qəbələ, Masallı, Sumqayıt, paytaxt Bakı və başqa şəhərlərimizdə, qəsəbə və kəndlərimizdə əhalinin, döyüşən Azərbaycan ordusuna məhəbbət ifadəsi ilə, şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq dəstək yürüşləri, yüksək vətənpərvərlik ruhu ilə gur səsli çağırışlar baş verdi. Ayrıca, 2016-cı ilin aprelində olduğu kimi, yenə Ermənistan hərbçiləri, cavanları ön cəbhədən qaçarkən qarşıları xüsusi vasitələrlə, beton plitələrlə alınırdısa, bizim cavanların ön cəbhəyə axışının qarşısını polislərimiz güclə saxlayır, hərbi komissarlıqlar könüllülərin müraciətləri ilə dolub-daşır... Bu xalqla necə qürur duymayasan? Necə vurğun olmayasan bu xalqa?” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, müxtəlif yaşda, müxtəlif imkanda, müxtəlif dünyagörüşündə olan vətəndaşlarımızın kütləvi şəkildə “Səfərbərlik”, “Qarabağ”, “Müharibə” çağırışları ilə, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə küçə və meydanlara çıxaraq, ordumuza, dövlətimizə dəstək nümayiş etdirməsi əvəzsiz hadisələrdir.
“Vətənpərvər gəncliyimiz şüar sözünün özünü şüarçılıqdan çıxardı. Bilirsiz, dünya gördü, ilk növbədə, düşmən və düşmənin havadarları gördü ki, Azərbaycan xalqı quru şüarçılıqla məşğul deyil, zarafat eləmir və Azərbaycanın ərazi bütövlüyü təxirəsalınası, ləngidiləsi, gözardı ediləsi məsələ deyil və ola da bilməz!
Ordumuz ön cəbhədə sıravi əsgərdən generaladək öz prinsipallığı, qətiyyəti ilə seçilir. İşimiz haqq işidir, biz qalib gələcəyik! Eyni zamanda, geniş xalq kütlələrinin səmimi dəstək yürüyüşləri, vətəndaşımızın ordu ilə bir can olduğunu, eyni ruha malik olduğunu bir daha göstərdi. Di gəl, ya səbatsızlıqdan, ya “beşinci kolon” mənsubluğundan, bəzilərinin Milli Məclisin binasına basqın etməsi, polis maşınlarını əzməsi, ümumxalq coşğusuna, xalq-ordu həmrəyliyinə, xalq-dövlət birliyinin ruhuna uyğun olmadı. Doğrudur, on minlərlə müqayisədə, çox kiçik bir qrupun iştirak etdiyi bu pozuculuq hərəkətləri ümumi işlərə kölgə sala bilməz, lakin heç bu hərəkətlər də olmamalıydı. Düşmən ölkənin, sosial medianın Azərbaycan seqmentini, Azərbaycan mediasını izləməyə məsul şəxsləri anındaca o görüntülərə istinad edirsə, öz bildikləri mənaları o video, foto-materiallara yükləyirsə, bu, artıq ciddi şəkildə düşündürücüdür.
Yəqin ki, müvafiq dövlət orqanları gərəkən araşdırmaları aparıb, uyğun qərarlar verəcək, bununla belə, vətənpərvər insanlarımız daha ayıq-sayıq olmalı, düşmən təbliğatına yarayan hərəkət və hərəkətsizliklərə biganə qalmamalıdır. Çox yaxşı olardı ki, o pozucu qruplar elə meydana toplaşanların özləri tərəfindən etirazla qarşılayaydı və öz ziyankar hərəkətlərindən çəkinəydi.
Bunlar öz yerində, xalqımızın bütün dünyaya nümayiş etdirdiyi vətəncanlılıq, dövlətimizə, ordumuza Güney Azərbaycandan, qardaş Türkiyədən geniş xəlqi dəstək nümayişləri, Türkiyənin demək olar, bütün ali dövlət xadimlərinin, siyasi partiya başçılarının dəstək ifadə etməsi unudulmazdır, əvəzsizdir! Əlbəttə, başqa dost, müttəfiq ölkələrin, müxtəlif qurum və quruluşların, dünyanın dörd yanındakı soydaşlarımızın dəstəyi, olumlu bəyanatlar ehtirama layiqdir. Azərbaycanın haqq işinin yanında olan hər kəsə könül dolusu təşəkkür!
Bir daha şəhidlərimizə ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə tezliklə öz sağalmlıqlarına qovuşmalarını diləyirəm!
Dövlətimiz zaval görməsin!
Bayrağımız uca olsun!”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə