Türkiyə səfirliyi 15 iyul hadisələri ilə bağlı videokonfrans keçirib

Türkiyədə 2016-cı il 15 iyul tarixində dövlət çevrilişinə cəhd xəyanətindən 4 il ötür. FETÖ terrorçu qruplaşmanın Türkiyədə həyata keçirdiyi təxribat zamanı qardaş ölkə 251 nəfər şəhid verib, çoxlu sayda yaralananlar olub. Bu gün vətəni uğrunda şəhid olanların xatirəsinin bir daha yad edilməsi, həm də yaşananları bir daha anmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyi onlayn formatda videokonfrans keçirib. SİA-nın məlumatına görə, videokonfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz, Daxili İşlər Nazirliyi müşavirləri Ali Demir və Mehmet Tomruk, mətbuat müşaviri Hüseyn Altınalan və.b, həmçinin Azərbaycanın media nümayəndələri iştirak ediblər.

Videokonfransın açılışında hər iki ölkənin Dövlət Himnləri səsləndirilib. Daha sonra Türkiyə səfiri Erkan Özoral həm 15 iyul şəhidlərini, həm də 12 iyulda erməni təxribatı zamanı dünyasını dəyişmiş şəhidlərimizi anaraq başsağlığı verib. Türkiyənin müstəqilliyi, suverenliyi üçün 15 iyulda küçələrə axışan və cəsarət nümunəsi göstərən türk xalqının şücaətindən və həmin gün baş verən bir sıra hadisələrdən bəhs edib.

Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz şəhidlərin əziz xatirəsini yad edərək Şəhidlərin ruhuna Quran oxuyub.
Daxili İşlər Nazirliyi müşavirləri Ali Demir və Mehmet Tomruk isə 15 iyul zamanı baş verənlər və FETÖ terror qruplaşmasından, həyata keçirdikləri qanlı təxribatdan və qruplaşma haqqında bir sıra məlumatları bölüşüblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə