“Ərazilərimizi azad edib, bütün problemlərə son verməliyik” ÖZƏL-RƏY

“İyulun 12-dən etibarən Tovuz istiqamətində ermənilərin təxribat törətmələrindən sonra başlayan gərginlik artan xətlə gedir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməkdədir. Bütün Tovuz əhalisi döyüşlərin elə ilk günündəcə ayağa qalxdı, şəhidlərimizi qarşıladı, ordumuza dəstək oldu. Hətta döyüş gedən ərazilərə vuruşmaq üçün axın edənlər də az olmadı. Bu gün də Tovuz əhalisi döyüşmək əzmini nümayiş etdirməkdədir”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. Onun sözlərinə görə, Tovuz bölgəsində əhalinin döyüşmək istəyi bir bölgənin iradəsi deyil: “Bizim əhali həddindən artıq məğrur, qürurlu və torpağına sahib çıxmağı bacaran bir xalqdır. Bunu zaman-zaman göstərib. Qarabağ məsələsi başlayanda ov tüfəngləri ilə sərhədlərini qoruya bilən və ən primitiv silahlarla Xankəndinin 7 kilometrliyinə qədər irəliləyən xalqımızdır. Onu da nəzərə alaq ki, biz millət olaraq döyüşü çox gözəl bacarırıq. Türk etnosu mütəmadi olaraq öz döyüş qabiliyyəti, davranışları ilə tarix yazıb, imperiyalar qurub. İndi kiçik bir qurumun, Rusiyanın nəzarətində olan əyalətin gəlib Azərbaycan torpaqlarını əsarətə almasına, təbii ki, bu xalq dözmür. Tovuzda əhalinin bu məsələdə etirazı və döyüşmək istəyi bir bölgənin istəyi kimi qəbul olunmalı deyil. Bu, birbaşa milli iradədir. Atəşkəs anlaşması olandan indiyə qədər, mütəmadi olaraq, Azərbaycan tərəfi istəyib ki, torpaqları azad olunsun. Ona dinc yolla torpaqların azad olunması vədi verilib, amma bu vədə əməl olunmayıb. Bir gün qan tökülməlidir ki, mütəmadi qan tökülmələrinə son qoyulsun”. Fərəc Quliyev onu da bildirib ki, 30 illik təcrübədə gördük ki, nə beynəlxalq qurumlar, nə də super güclər haqqımızı yetərincə müdafiə etmədilər: “Ölkə Prezidentinin son çıxışında ATƏT Minsk Qrupuna və beynəlxalq təşkilatlara bildirdiyi iradlar bir daha onu göstərdi ki, bu qurumlardan heç nə çıxmayacaq. Bunu hər kəs qəbul edib. Artıq iş o yerə çatıb ki, ermənilər işğal etdikləri ərazilərdən kənar yerlərdə də fəallaşıblar. Müharibə davam edir. Ərazilərimizi azad edib, bütün bu problemlərə son verməliyik. Tovuz rayonunun əhalisinin timsalında Azərbaycan əhalisinin istəyi doğru bir istəkdir. 2016-cı ildəki aprel zəfərində gördük ki, səfərbər olunub ərazilərimizin azad olunmasını təmin edə bilərik. Qısa zamanda bu məsələ bitməlidir. Türkiyə tərəfindən əvvəlkilərdən fərqli olaraq konkret bir mövqe ortaya qoyuldu. İndiyə qədər siyasi çözüm yollarında dəstək olan Türkiyə xarici işlər nazirinin timsalında Azərbaycanın hansı vasitələrdən istifadə edərsə yanında olacaqlarını bəyan etməsi hərbi məsələlərdə də dəstək ifadəsidir. Bütövlükdə özümüzə güvənərək, savaşa başlamalıyıq. Kim nə deyirsə-desin, bu savaş olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə