İqbal Ağazadə: “Çəkinmədən Ali Baş Komandanımın, Azərbaycan dövlətimin əsgəriyəm deyirəm” ÇAĞIRIŞ

"İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Əsgər və zabitlərimizə isə deyirəm ki, biz sizin yanınızdayıq". SİA xəbər verir ki, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

Partiya sədri bildirib ki, o, Ali Baş Komandana müraciət edib: "Ali Baş Komandanımıza müraciət edərək bildirmişəm ki, mən də bir əsgərəm və bir əsgər kimi ön cəbhədə vuruşmağa hazıram. Yaşım, təcrübəm imkan verir ki, mən Qarabağda təcrübəmə əsasən daha yaxşı, daha sistemli döyüşə bilim. Siyasi fəaliyyətimi bir kənara qoyub, özümü əsgərdən başqa bir şey hesab etmirəm. Mən bir əsgərəm və bir əsgər kimi meydanda, sərhəddə düşmənlə vuruşub-ölmək şərəfdir, bu şərəfin yaşanması mənim üçün ən böyük arzulardan biridir. Bilərəm ki, biz bu gün apardığımız mübarizə və mücadilə ilə torpaqlarımızı işğalçılardan azad edərək, gələcək nəsillərimizin təhlükəsizliyinə təminat veririk. Ölkə daxilində milli birlik var, ölkə daxilində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində vətəndaş həmrəyliyi var, hər kəs yaşından, siyasi mövqeyindən, dini mənsubiyyətindən, təriqətindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin yanındadır, onun maraqlarının qorunması üçün canını belə verməyə hazırdır".

Partiya sədri bildirib ki, bu döyüşlər 2016-cı ilin Aprel döyüşlərindən daha mütəşəkkil və daha açıq şəkildə özünü göstərir və bu da Azərbaycan Respublikasının Ali Baş Komandanına imkan verir ki, torpaqlarımızı azad etmək üçün müharibə əmrini verməklə hər kəsi bu müqəddəs iş ətrafında birləşdirsin: "Hamımız nəhayətdə özümüz üçün deyil, övladlarımız və gələcəyimiz üçün dövlətin hürr və azadlığı üçün son döyüşə girib qalib gəlməli, düşməni öz ərazilərimizdən çıxarmalıyıq. Mən burada siyasi partiya lideri kimi danışmıram, burada hakimiyyətlə eyni mövqeyi bölüşməyən bir adam kimi fikir bildirmirəm. Çəkinmədən mən bir əsgərəm deyirəm, Ali Baş Komandanımın, Azərbaycan dövlətimin əsgəriyəm deyirəm. Bir əsgər kimi də ön cəbhədə vuruşmağa, işğalçını geri oturtmağa, torpaqlarımızı azad etməyə canımla, qanımla mənə inananlarla bir yerdə hazıram".

İqbal Ağazadə bir məsələni də qeyd edərək bildirib ki, ona Rusiyadan çoxsaylı zənglər olub və orada yaşayan soydaşlarımız yolların açılmasına Azərbaycan hökuməti dəstək göstərsin və hər biri ellikcə cəbhəyə yollansınlar: "Onlar bildirirlər ki, heç bir siyasi mövqeyə, heç bir siyasi iddiaya malik deyillər və işğal altındakı torpaqlarımızın azadlığı uğrunda "canım sənə fəda Azərbaycan" deyib, bu savaşda iştirak etmək istədiklərini deyirlər. Hökumətimiz bu istiqamətdə nə dəstək və qərar verəcəksə, hamılıqla onların yanında olacağıq. Bir daha deyirəm ki, mən artıq siyasətçi deyiləm, bir əsgərəm və deyilən yerdə dayanmağa hazıram, əmr gözləyirəm, Vətən savaşı başlasın mən də ön cəbhəyə gedim. Qoy övladlarımızdan əvvəlki sıranı biz tutaq".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə