Ağstafalı şəhidimiz doğma kəndi Göycəlidə dəfn olunub FOTOLAR

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağstafa rayonunun Göycəli kənd sakini, çavuş Sadıqov Vüqar Lətif oğlunun nəşi doğma kəndində torpağa tapşırılıb. SİA-nın verdiyi məlumata görə, şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkili Nizami Cəfərov, Müdafiə Nazirliyinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

Vida mərasimində çıxış edən Seymur Orucov və başqaları ötən gün vətən uğrunda canından keçən Vüqar Sadıqovla yanaşı digər şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan söz açıb, ailələrinə Allahdan səbr dilədilər. Mərasimdə iştirak edənlər şəhidimizi dəfn edərək məzarı üzrəinə gül dəstələri düzdülər. İcra başçısı V.Sadıqovun tabutu üzərindəki dövlət bayrağını şəhidin oğluna tədqim etdi. Ailə üzvlərinin diqqətinə çatdırıldı ki, dövlətimiz tərəfindən bütün lazımi dəstək göstəriləcəkdir.

Allah rəhmət eləsin!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə