Məşhur Məmmədov: “Ermənistanın təxribat törətməkdə məqsədi bəllidir”

"Təcavüzkar Ermənistanın silahlı qüvvələri iyulun 12-də atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçiblər. Hamıya bəllidir ki, Ermənistanda aparılan yarıtmaz və sistemsiz hakim siyasət nəticəsində ölkədə ağır sosial-iqtisadi vəziyyət höküm sürür. Sərhədlərdə baş verən son hadisələr də Ermənistanın indiki rejiminin düşünülmüş təxribatıdır. Çünki Ermənistanın indiki rejimi həm ölkədaxili siyasətdə, həm də beynəlxalq münasibətlər və diplomatiya müstəvisində özü üçün yaranmış olan çətin və ağır vəziyyətdə çıxmaq üçün ölkədə ictimaiyyətin nəzər-diqqətini tamamilə başqa məsələlərə yönəltməyə çalışır". Bunu SİA-ya Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov onu da bildirib ki, həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib və tələfat verərək geri oturdulub: "26 ildən çoxdur Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın hərbi və siyasi təxribatları yeni deyil. Dəfələrlə Azərbaycan və dünya ictimaiyyəti şahidi olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşlarımızı hədəf götürən hücumlar reallaşdırır, təxribatlar törədir. Və bununla da öz məqsədlərini həyata keçirmək üçün Ermənistan rəhbərliyi istənilən halda təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur".

Ermənistanın budəfəki təxribatının məqsədlərinin aydın olduğunu deyən M.Məmmədov onu da vurğulayıb ki, ilk öncə Paşinyan ermənilərin ümidlərini doğrultmadı: "Ən əsas səbəb isə son vaxtlar Ermənistanın beynəlxalq səviyyədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Paşinyanın və Ermənistanın dövlət siyasətini faktlarla ifşa edilərək erməni cəmiyyətinə və beynəlxalq rüsvay olunmasıdır. Məhz Azərbaycanın uğurlarından qısqanclıq keçirən Paşinyan belə təxribatları etməklə erməni ictimaiyyətini ölkədə yaranmış problemlərdən yayındırmağa şalışır. Eyni zamanda, Azərbaycanın pandemiya dövründə beynəlxalq miqyasda diqqət mərkəzinə gəlməsi, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, dünyanın rəğbətini qazanması Ermənistan rəhbərliyində paxıllıq hisləri yaradır".

"Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir" - deyən millət vəkili onu da vurğulayıb ki, bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində koronavirus pandemiyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır: "Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir. Koronavirus pandemiyasına qarşı bütün düya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərd". M.Məmmdov bildirib ki, Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır: "Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək. Elə bu günlərdə yerli televiziyalara verdiyi müsahibəsində ölkədaxili və beynəlxalq auditoriyaya hesablanmış bir çox vacib mesajlar verdi. Dövlətimizin başçısı müsahibədə mühüm bəyanatlar səsləndirdi".

M.Məmmədov onu da deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı da dövlət başçıs törədilən təxribatla bağlı Ermənistanın çirkin və məkrli siyasət yürütdüyünü, bunun isə Ermənistanı uçuruma aparacağını deyib: "Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Millət vəkili onu da bildirdi ki, bu təxribatın əsas səbəbi, dövlətimizin başçısının dediyi kimi, bu gün keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasının baş tutmasıdır: "Dövlət başçısı çıxışında bildirdi ki, son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasını Ermənistan paxıllığından qəbul edə bilmir: "Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir"

M.Məmmədov bütün çıxışlarında olduğu kimi, dövlət başçısının çıxışı zamanı da kəskin şəkildə bildirdi ki, ölkəmiz təcavüzə məruz qalıb, müdafiə olunmaq hüququmuzdur: "Azəbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə