"Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb" ÖZƏL-MÜNASİBƏT

“Fakt bundan ibarətdir ki, Azərbaycan beynəlxalq arenada silsilə uğurlar qazanır. Buna müvafiq olaraq, Ermənistan öz mövqelərini sürətlə itirir. Misal olaraq təkcə yarım il ərzində baş verənləri göstərməklə, qeyd edilənləri isbatlamaq olar”. Bunu SİA-ya JuHİ sədri, MŞ-nin sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, yaşadığımız günlərdə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilib: “Bu, çox böyük nailiyyətdir. Bundan öncə isə Qoşulmama Hərəkatında Azərbaycanın təşəbbüsü ilə Zirvə toplantısı keçirilib. Azərbaycan bu qurumda sədrliyi həyata keçirir. Ölkələr COVİD-19-la mücadilədə çaşqın duruma düşdükləri bir vaxtda, Azərbaycanın təmkinli davranması, çaşqın duruma düşməməsi hər kəsi heyrətləndirir. Təbii olaraq erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri qıcıqlandırır. Erməniləri narahat edən digər məqam, həm də, çoxtəmtəraqlı şəkildə dünyaya təqdim etdikləri liderin-Paşinyanın, el dili ilə desək, fərsiz çıxmasıdır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, MünhenTəhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi, bunun qarşılığında Paşinyanın pat vəziyyətinə düşməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Ermənistanda daxili vəziyyət də artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları çirkin əməllərə sövq edir. İyulun 12-də cəbhə xəttində baş verən hadisələr dəbunun bariz nümunəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə