Rusiya XİN Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır Rusiya mətbuatı yazır

Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını ifadə edir və vəziyyətin sabitləşməsi üçün lazımi kömək göstərməyə hazırdır. SİA Rusiyaya məxsus Ria Novosti agentliyinin yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Rusiya Xarici İşlər Nazirliyi iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını bildirir. Daxil olan məlumata görə, hərbi əməliyyatlar davam edir. Artilleriya istifadə olunur. Ölən və yaralananlar var. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk", deyə açıqlamada bildirilir.
Moskva, bölgənin təhlükəsizliyini təhdid edən daha bir eskalasiyanın yolverilməz olduğunu da vurğulayır.
"Döyüşən tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", deyə nazirlik əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə