“Paşinyan təxribata əl atmaqla, ictimai rəyi çaşdırmağa çalışır” ÖZƏL-ŞƏRH

Hər şeydən öncə mən rəşadətli ordumuzun igid əsgərlərinin bu uğurlu əməliyyatlarına görə onları təbrik edirəm. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sitasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, həqiqətən də düşmən təxribat törədərək, Azərbaycan sərhəddini pozmaq və ölkəmizin içərisinə irəliləmək cəhdi göstərib və bizim əsgərlərimiz canlarını sipər edərək düşmənin cavabını layiqincə veriblər və şəhidlərimizə də Allahdan rəhmət diləyir.

“Ermənistan niyə belə təxribata gedir? Təbiidir ki, Ermənistana rəhbərlik edən şəxslər, özəlliklə də koronavirus dönəmində xalqlarına hesabat verməkdə acizdirlər. Yəni, bu saat Ermənistan hakimiyyətinin başında duranlar, özəlliklə də Ermənistanın baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətdədir. Bir tərəfdən ölkəsini bərbad bir duruma salıb, digər tərəfdən koronavirus pandemiyası bu ölkədə tüğyan edir, əhalisinin sayının azlığına, ərazisinin kiçikliyinə baxmayaraq, Ermənistan əhali sayına nisbətdə koronavirusa ən çox yoluxan ölkələr sırasındadır. Eyni zamanda ölümlər də burada daha yüksəkdir. Təbiidir ki, bu durumda xalq ondan hesabat istəyir və Paşinyan da bu hesabatı verməkdə açızdir. Ona görə də əvvəlcədən də proqnozlaşdırıldığı kimi, Paşinyan cəbhə bölgəsində təxribata əl atmaqla, erməni ictimai rəyini çaşdırmağa çalışır. Yəni, günahları Azərbaycanın üzərinə yıxmaq, ölkəsinin bu acınacaqlı durumunun səbəbkarı kimi Azərbaycanı göstərmək və bir növ, “yazıq erməni” obrazını dünyaya tirajlayıb birtəhər özünü hakimiyyətdə saxlamaq məqsədi güdür. Əlbəttə ki, azərbaycan da boş durmur, həqiqətləri dünyaya çatdırır, eləcə də erməni əhalisinə, Ermənistan əhalisinə çatdırır. Yəni, biz cəbhə xəttində baş verən gerçəkləri Ermənistana da, dünyaya da çatdırmağa çalışırıq.

Lakin burada bizi təəccübləndirən bir məqam da yox deyil. Bu da ondan ibarətdir ki, Azərbaycanda, Bakıda oturub ermənilərin saxta təbliğat informasiyalarını tirajlamaqla məşğul olan adamlar var. Mən düşünürəm ki, Azərbaycan dövləti həmin adamların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidir ki, əslinə qalanda bu çətin də deyil, çünki, sosial şəbəkələrdə bunlar açıq şəkildə, öz adları və şəkilləri altında bunu edirlər. Çünki, Azərbaycan ordusu bir tərəfdən xəbərlər yayır, döyüş bölgəsində baş verən hadisələr haqqında bizi məlumatlandırır, həmin adamlarsa Ermənistanın yaydığı saxta informasiyaları əldə rəhbər tutaraq Azərbaycan ordusunun xəbərlərini yalanlamaqla məşğuldur.

Mən bütün gecəni səhərə qədər bu adamları müşahidə etmişəm. Bəzilərinə cavab da vermişik. Amma təəssüflər olsun, onların sayı o qədər çoxdur ki, bizim kimi tək-tək adamlar onlara cavab verib çatdıra bilmirik. Ona görə də, düşünürəm ki, Paşinyanın Azərbaycandakı uzantıları bir-bir müəyyənləşdirilməli və onların ağzı birdəfəlik yumulmalıdır. Çünki, bu adamlar hazırda düşmən qarşısında, düşmən gülləsinin qarşısında olan əsgərlərimizə və ordumuza arxadan bıçaq saplamaqla məşğuldurlar və biz də onlara izn verə bilmərik”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...