Bəhruz Quliyev: "Uğurlarımız bütün platformalarda özünü göstərir" AÇIQLAMA

"Azərbaycanın BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşması çox təqdirəlayiq bir haldır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Olaylar.az-a açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Qurum rəhbərinin sözlərinə görə, ölkədə mövcud olan sabitlik və inkişaf, bu fonda aparılan çoxşaxəli islahatlar ilk növbədə xalq-dövlət birliyinin, bu birliyin möhkəm əsaslara, etimada və etibara söykənməsinin göstəricisidir: "Bu gün "Davamlı inkişaf məqsədləri indeksi"nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirir, vətəndaşlarımızın sosial rifah halını yüksəldir. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir".

"Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir", - deyən B.Quliyev əlavə edib ki, ötən ilin əvvəlindən dövlətimizin başçısının təsdiqlədiyi iki böyük sosial paketin reallaşdırılması nəticəsində Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılıb, qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi təmin olunub. Eyni zamanda, bu il pandemiya ilə mübarizə də ölkəmiz nümunəvi model ortaya qoydu.

"Səs" Media Holdinqin rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığı da davamlı uğurlar deməkdir. Siyasi sabitlik isə inkişafı şərtləndirən ən vacib amildir. Məhz buna görə də Azərbaycanın uğurları müxtəlif platformalarda, reytinqdə özünü göstərir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...