"Cəmil Həsənliyə məsləhət görərdim ki,....." ÖZƏL-MÜNASİBƏT

"Pandemiya sağlamlığımıza, həyatımıza vurduğu zərərlər, yaratdığı fəlakətlərlə bərabər bizə dərslər də verir. Başlıcası, kimin kim olduğunu, kimin bu təhlükəli xəstəliyin məhv edilməsi, yenilməsi üçün çalışdığını, kimlərin isə koronavirusun dəyirmanına su tökdüyünü, insan taleyi ilə oynadığını göstərdi və göstərməkdə davam edir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, ölkəmizdə çox ciddi antivirus tədbirlərinin həyata keçirildiyinin hər birimiz şahidiyik: "Bütün mübarizə prosesləri göz önündədir, şəffafdır. Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fədakar fəaliyyətləri, böhranlı vəziyyətdə ortaya qoyduqları yüksək idarəetmə bacarığı bizi böyük itkilərdən xilas etdi. Ölkə rəhbərliyinin vətəndaşlarımızın, iş adamlarının, iqtisadi subyektlərin itkilərinin qarşılanması, minimuma endirilməsi üçün atdığı addımlar dövlətimizin siyasətinin təməlində, insan, onun rifahı və sağlamlığının dayandığını əyani şəkildə göstərir.

Lakin bütün dünyada bu bəşəri bəla ilə mübarizə aparıldığı bir dönəmdə radikal müxalifət, xüsusilə də "Milli Sura" adlı antimilli bir qurum çirkin əməllərindən əl çəkmir, cəfəng və mənasız iddialarla ölkəmizdə insanların sağlamlığının qorunması ilə bağlı görülən işlərə qara yaxmaqla məşğuldur.

Dünən "Azad söz "adlı bir internet kanalında Şuranın başbiləni Cəmil Həsənliyə qulaq asdıqca, bu adamın professorluğuna böyük şübhə yaranır. Sərt karantin rejiminə qarşı çıxış edən bu alim belə tədbirləri yetərsiz və qanunsuz adlandırır. Əvvəla, həkim və hüquqşünas olmadığı halda, belə qeyri- peşəkar fikirlər səsləndirmək, özü mənasızdır. İkincisi, tez-tez arxivlərə baş vuran tarixçi Cəmil Həsənliyə məsləhət görərdim ki, oradakı rəflərdən pandemik vəziyyətlərlə əlaqədar beynəlxalq konvensiyalara da bir nəzər salsın. Məhz həmin sənədlərdə hərəkətlərin məhdudlaşdırılmasının, epidemiya şəraitində infeksiyanın sürətinin azaldılmasına xidmət edən ən etibarlı tədbirlərdən biri kimi zəruri hesab edilir. Bundan savayı, istər Cəmil Həsənli, istərsə də onun digər dostları bilməlidirlər ki, karantinlə bağlı istənilən qərarlar epidemioloji vəziyyətin dərin təhlilinə əsaslanan mütəxəssis rəylərinə əsasən verilir. Əgər C.Həsənli hələ də özünü müəllim hesab edirsə və vətəni Azərbaycana zərrə qədər də fayda vermək istəyirsə,qoy onu eşidənlərə maska taxmağı, məsafə saxlamağı, əllərini yumağı tövsiyyə etsin. Amma bilirəm ki, nə o,nə də qonağı olduğu telekanal bunu etməz. Onların istədiyi - Azərbaycanda vəziyyətin pisləşməsidir. Bunu isə heç yuxularında da görməyəcəklər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...