Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökümətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökümətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Höküməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaya Xarici İşlər, Maliyyə, Sənaye və Energetika, Səhiyyə, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın, Azərbaycan Beynəlxalq Bankının və "Azal" QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir. Birləşmiş Ərəb Əmirlikləri tərəfdən İqtisadiyyat naziri Sulatan bin Səid əl Mansourinin rəhbərlik etdiyi komissiyada isə bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunublar.

İclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatında qazanılmış uğurlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilib: "Belə ki, 2004-2010-cu illərdə ÜDM 3 dəfə, qeyri-neft sektoru 2 dəfə, əsas kapitala yönəlmiş vəsaitlər 2.9 dəfə,dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 18,2 dəfə artıb, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalıb. Dünyada qlobal və iqtisadi böhranın davam etməsinə baxmayaraq 2010-cu ildə ÜDM 5%, əhalinin gəlirləri 13,3% artıb. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 34 mlrd.ABŞ dollarını ötüb. Azərbaycan regionun fəal iqtisadi mərkəzinə çevrilib".

Onun sözlərinə görə, görülmüş işlər nəticəsində Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi genişlənir. Belə ki, ölkələrimiz arasında ticarət əməliyyatlarının həcmi 2010-cu ildə əvvəlki ilə müqayisədə 36,8%, 2011-ci ilin I rübündə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artıb. Bu gün bir sıra Azərbaycan istehsalı olan məhsullar ("Badamlı"mineral suları və s. ) BƏƏ-yə ixrac olunur.

Daha sonra tədbirdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye və energetika, gömrük,ticarət-iqtisadi, informasiya texnologiyaları və s. sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclasın sonunda Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın 3-cü iclasının yekununa dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri-Azərbaycan Respublikasının İqtisadi İnkişafı naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl Mənsouri imzalanıb.

Qeyd edək ki, tədbir öncəsi Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl Mənsourinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçək dəstələri düzüblər.
Qonaqlar həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhramanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə