“Təxribatlar sülh müstəvisini alt-üst edir” RƏY-ÖZƏL

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra yerli jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısına verilən suallardan sonuncusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Belə ki, bu yaxınlarda ATƏT-in Minsk qrupu da bəyanat yayıb. Ümumiyyətlə, son dövrlərdə danışıqlarda hansı proseslərin getdiyinə Cənab Prezident aydınlıq gətirib”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir: “Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Respublikasının Prezidentinin bu məsələ ilə bağlı beynəlxalq tədbirlər çərçivəsində çoxlu açıqlamaları olub. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdır. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəklədiyini ifadə edib. Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən əsas amillər hesab olunur”.

Politoloq bildirib ki, cari ilin əvvəlində cənab Prezident İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi və Ermənistanın baş naziri Nikol Paşinyan tarix, siyasət və diplomatiya dərsi aldı: “Prezidentin bu çıxışından sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini təhlil edirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. Ermənilər bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın baş nazirinin hansısa yalanı beynəlxalq tədbirdə utanmadan danışması yolverilməzdir. Ötən il Nikol Paşinyan “Qarabağ Ermənistandır” ifadəsini işlətməklə danışıqlar prosesinə böyük ölçüdə kölgə saldı. Bu ifadə Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Lakin Minsk qrupu öz bəyanatların bu və ya digər məsələlərlə bağlı susqunluq nümayiş etdirirlər. Lakin rəsmi Bakı konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir”.

Politoloq İlyas Hüseynov onu da qeyd edib ki, Ermənistan tərəfi 2018-ci ildən bəri danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir: “Buna da ATƏT-in Minsk Qrupu adekvat cavab vermir. Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycan tərəfi danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini də əsas götürür. Lakin qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta “prezident" Şuşada andiçmə mərasimi keçirdi. Burada da ATƏT-in Minsk Qrupunun həmsədrləri susmağa üstünlük verdilər. Bu cür təxribatlar sülh müstəvisini alt-üst edir və bu təxribata görə Ermənistan cavabdehlik daşıyır. Digər tərəfdən, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Azərbaycanın bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı da Minsk qrupunun həmsədrləri açıqlama vermirlər. ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistana Yaxın Şərqdən və digər bölgələrdən erməniləri Qarabağa gətirirlər. Bizim şəhərlərimizin tarixi adları dəyişdirilir, işğal edilmiş torpaqlarda kilsələr tikilir. Azərbaycan tərəfi bütün bu çətinliklərə baxmayaraq, dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi dalana dirənib. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının əhəmiyyətsiz görünür. Bu, sadəcə olaraq, imitasiya xarakteri daşıyır və sanki Minsk qrupunun fəaliyyətdə olmasını göstərir. Danışıqlar mahiyyət üzrə aparılmalıdır və substantiv xarakter daşımalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...