ÜST Azərbaycanın digər ölkələrə yardımını təqdir edir

Şəmsəddin Xanbabayev: “Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir”

“Bəşəriyyət üçün qlobal təhlükəyə çevrilən pandemiya, dünya dövlətlərinin öz gücünü bir daha səfərbər etməsi zərurətini meydana çıxarıb. Məhz belə bir ərəfədə Azərbaycanın təşəbbüsü növbəti dəfə ələ alaraq dünya dövlətlərini birgə mübarizəyə səsləməsi dövrün tələbinə uyğun olması və aktuallığı ilə diqqət çəkir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev deyib.

Ş.Xanbabayev bildirib ki, Prezidnt İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi birmənalı olaraq Azərbaycanın beynəlxalq rakusda pandemiyaya qarşı mübarizədə iştirakçılığının ciddiliyini, əhəmiyyətini ortaya qoyur: "Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi həm də bu təşəbbüsün vaxtında irəli sürüldüyünü bir daha təsdiq edir. Qeyd etmək istərdim ki, dünyada koronavirus pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən COVID-19-a qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bundan əvvəl isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib. Eyni zamanda, Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib".

Ş.Xanbabayev Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycan diplomatiyasının nailiyyəti olduğunu deyib. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub: "Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir və bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi".

Ş.Xanbabayev, bir daha onu da vurğulayıb ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir: "İnanıram ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Bu təşəbbüs eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə