"Rəsulzadənin ruhuna ən böyük hörmətsizliyi Əli Kərimli və onun “Milli Şura”sı etdi” - BƏHRUZ QULİYEV

"Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın tarixində özəl yerlərdən birini tutur və əlbəttə ki, o Şərqdə ilk Demokratik Cümhuriyyətinin qurucularından biridir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "Milli Şura"nın "zoom" toplantısında qurumun koordinasiya mərkəzinin üzvü Rahim Hacıyevin AXCP sədri Əli Kərimlinin "zəmanəmizin M.Ə.Rəsulzadəsi" adlandırmasına münasibətini açıqlayarkən deyib.

B.Quliyev qeyd edib ki, belə bir yanlış və qəbahətli fikrin səslənməsi bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilə bilməz və qəbul edilmir də: "M.Ə.Rəsulzadə və onun siyasi həmfikirləri zamanında çox böyük çətinliklərdən çıxaraq, həyatlarını təhlükələrə ataraq müstəqillik uğrunda milli mücadilələr apardılar və qısaömürlü də olsa, AXC hökumətini qurublar, Azərbaycanın adını müstəqil dövlət kimi dünya xəritəsinə həkk ediblər. Ümumiyytlə, həmin fəaliyyət barədə bu gün tarixi mənbələrimizdə, elmi-tarixi külliyyatarda kifayət qədər geniş, müfəssəl məlumatlar mövcuddur. Lakin bu gün anti-Azərbaycan fəaliyyəti ilə tanınan birinin adının M.Ə.Rəsulzadənin adı ilə eyni çəkilməsi qətiyyən yolverilməzdir və belə bir düşüncə, belə bir utanverici fikir Azərbaycan xalqına, Azərbaycan tarixinə, xüsusilə də, Rəsulzadə kimin bir şəxsiyyətin ruhuna hörmətsizlikdir".

Siyasi ekspert hesab edir ki, əslində bu cür ucuz düşüncə tərzindən doğan yanlış fikirlərin məhz "Milli Şura"dakılar tərəfindən səsləndirilməsi paralel olaraq təəccüb də doğurmamalıdır. Çünki bunun da səbəbləri var: "Baxın, əgər bu gün R.Hacıyev, ya da Qənimət Zahid Ə.Kərimlini "zəmanəmizin Rəsulzadəsi" kimi zorla ictimai rəyə sırımağa cəhd edirlərsə, onların bir vaxtlar elə Ə.Kərimli başda olmaqla "lider" adlandırdıqları mərhum Əbülfəz Elçibəyə qarşı xəyanətlərini də unutmaq olmaz. Bu adamlar AXC-nin tərkibində "Yurd" qruplaşmasını yaradaraq Elçibəyə qarşı olmazın haqsızlıqlar, həqarətlər, tərbiyəsizliklər tirajladılar, onun gözdən salınması üçün bütün kirli oyunlara getdilər. İndi də öz həmin kirli oyunu Azərbaycanın müstəqillik tarixində müstəsna xidmətləri olmuş M.Ə.Rəsulzadənin adına qarşı oynamağa cəhdlər göstərirlər".

"Təəssüf hissi doğuran da budur ki, bu adamlar bir müddət əvvəl neftin qiymətinin düşməsi ilə bağlı bir-birlərinə təbriklər ünvanlayıb, düşmənimiz ermənilər qədər sevinc hisslərini bölüşürdülər", deyən "SƏS" qəzetinin baş redaktoru onu da bildirib ki, həmçinin, bu adamlar işlərinin əsas tərəfinin şər atmaqdan ibarət olduğunu açıq-aydın etiraf ediblər: "İndi gəlin müqayisə edək və nəticə çıxaraq ki, məgər M.Ə.Rəsulzadə beləmi mübarizə edirdi? Yaxud o Azərbaycana zərər yarada biləcək istənilən hadisədən düşmənlərimiz qədər sevinirdimi? Əlbəttə ki, əsla. Bu heç vaxt ağlabatan hal kimi qəbul oluna bilməz. Ümumiyyətlə düşünürəm ki, Ə.Kərimlinin adının belə bir tarixi şəxsiyyətlə çəkilməsi xalqımız, dövlətimiz, millətimiz adına bağışlanmaz həqarətdir. Belə kökündən yanlış, uğursuz və ucuz fikirlərə qarşı ümummilli qınaq olmaqla yanaşı, həm də siyasi qiymət verilməli, "Milli Şura" və bu qurumun funksionerləri hazırkı zamana qədər törətdikləri anti-milli fəaliyyətlərinə görə mütləq cavab verməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə