"İlham Əliyevin koronovirus pandemiyası ilə qlobal mübarizədə liderlik mövqeyi" ÖZƏL-MÜNASİBƏT

"Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında koronovirusla mübarizə çərçivəsində respublikamızda vətəndaşların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atılır. Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənir". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

Onun sözlərinə görə, ölkəmiz regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürür: "Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də tərkibində 120 ölkəni birləşdirən və BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün keçirilməsi məhz belə əhəmiyyətli təşəbbüslərdən biridir. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Eyni zamanda, Azərbaycan koronovirusa qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir".

N.Əhmədov deyib ki, lakin beynəlxalq münasibətlər sisteminə nəzər salsaq, bu gün BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu isə görünmür: "Belə bir məqamda qlobal həmrəylik gözlənilsə də lakin bu baş vermədi və bir çox ölkələr özünü təcrid, milli eqoizm xarakteri daşıyan addımlar atdı. Məhz buna görə də BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Belə bir məqamda Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması haqqında öz təşəbbüsünü irəli sürdü. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının bütün üzv ölkələrinə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır.

Nəticə etibarilə dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi xessiyasının təşkil olunması haqqında təşəbbüsünü dəstəkləmişdir. 130-dan çox BMT üzv dövlətləri tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bununla da bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu".

YAP Xəzər rayon təşkilatının sədri əlavə edib ki, xüsusi sessiyasının keçirilməsi təklifi artıq əksər dövlətlər tərəfindən qəbul edildiyi üçün BMT-yə üzv olan bütün ölkələrin maraqlarına cavan verən qlobal əhəmiyyətli təşəbbüs kimi qəbul olunur: "BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Şübhəsiz ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizəyə töhfə verəcəkdir. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəkdir.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə