"Ərdoğan və Putin müəyyən məsələlərdə daha yaxşı dil tapırlar" ÖZƏL-RƏY

"Rusiya heç bir vəchlə Cənubi Qafqazı başqa bir dövlətə güzəştə getmək istəməz. Rusiyanın milli təhlükəsizlik konsepsiyasında da açıq şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeri göstərilir. Bu baxımdan, düşünürəm ki, bu, çox da asan olmayan, amma daha real olan məsələdir, nəinki kiminsə Ermənistanı kompromisə təhrik etməsi. Erməni xalqı bu gün də “Böyük Ermənistan” ambisiyası ilə yaşayır. Ermənilər nə Dağlıq Qarabağ, nə də ətraf rayonlarla bağlı kompromisə getmək niyyətindədirlər, əsas hədəfləri də gələcəkdə qonşu dövlətləri işğal etməkdir. Təsadüfi deyil ki, Ermənistanın gerbində Türkiyənin suverenliyində olan Ağrı dağının əksi var". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, bu gün bir dövlət Rusiya, İran və Gürcüstanın ərazilərinə iddia edirsə, o zaman bu xəstə təfəkkürlü xalqdan nəsə gözləməyə dəyməz: "Buna görə də biz Rusiya və Türkiyə ilə, habelə bu dövlətlərin münasibətlərinə baxaraq siyasət yürütməliyik. Hər nə olur-olsun, bu gün Ərdoğan və Putin müəyyən məsələlərdə daha yaxşı dil tapırlar, nəinki Rusiya və Türkiyənin keçmiş tarixi liderləri. Məsələn, Lenin və Atatürk. Buna görə də, Rusiya və Türkiyədə bu şəxslərin hakimiyyətdə olmasından istifadə edərək biz münaqişənin həlli ilə bağlı digər çərçivələrdə də dialoqa başlamalıyıq. Çünki Rusiyada hakimiyyətlər dəyişərkən, onların xarici siyasətlərində də böyük korrektələr edilir. Tarix də göstərir ki, Rusiyada hakimiyyətdə qərbpərəst şəxslər olduqda, onlar daha ermənipərəst siyasətləri ilə seçilirlər. Amma avrasiyaçılar olduqda, onlar bir qədər türk və digər faktorları nəzərə alırlar.

Hər halda kimsə demir ki, Rusiya Cənubi Qafqazdakı geosiyasi maraqlarını dəyişəcək, Ermənistan amilini yaddan çıxaracaq. Bu, mümkün deyil. Amma müharibə başlayarsa, bizə bir sıra dövlətlərin neytral mövqedə qalması lazımdır. Bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü imkan verir ki, Ermənistan ordusunu darmadağın etsin. Belə olacağı təqdirdə, bu, Ermənistan və ermənilərə aşkar bir təzyiq vasitəsi olacaq. Ermənistan başa düşəcək ki, onun arxasında olan bəzi ölkələr müəyyən məsələlərdə onun yanında yer almayacaqlar, o zaman da özlərini danışıqlarda indi apardıqları kimi apara bilməyəcəklər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...