Keçirilən görüş hər üç ölkənin gələcəyi üçün perspektiv vəd edir - ŞƏRH ÖZƏL

"Dünən Əfqanıstan prezidentinin təşəbbüsü ilə Türkmənistan və Azərbaycan prezidentlərinin videokonfrans formatında üçtərəfli görüş keçiriblər. Görüşdə bir sıra məsələlər müzakirə olunub. O cümlədən ölkələr arasında iqtisadi vəziyyət təhlil olunub və gələcək perspektivlərdən geniş söhbət açılıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Xəzər dənizi üzərindən daha çox yükdaşımaların edilməsi ilə əlaqədar müzakirələr aparılıb və bir çox təkliflər verilib: "Bu görüş təbii ki, hər üç ölkə üçün çox əhəmiyyətli idi. Hər üç ölkənin prezidentləri dünənki videokonfransda vurğulayıblar ki, bu günə kimi həyata keçirilən tədbirlər və bundan sonrakı hər üç ölkə arasında davam edəcək həm Xəzər dənizi üzərindən yükdaşımalar, həm də bu üç ölkənin tranzit şəklindən çıxış etməsi bir çox ölkələrin öz yükdaşımalarını məhz bu üç ölkə vasitəsilə həyata keçirməsi onların iqtisadiyyatına da çox müsbət təsir göstərəcək".

C.Osmanov qeyd edib ki, həmin görüşdə təkcə ticari əlaqələr deyil, eyni zamanda iqtisadiyyatın digər sahələrinin də inkişafı ilə əlaqədar hər üç ölkə prezidenti müxtəlif təkliflər veriblər: "Bu günə kimi hazırlanmış təkliflərlə yanaşı, yeni təkliflər də səsləndirilib. Görülən işlər barədə hər üç ölkə prezidentə məruzələr hazırlanması barədə də qərar qəbul edilib. Bu da özlüyündə gələcək perspektivlər üçün yeni qapıların açılmasına gətirib çıxaracaq. Ona görə də üç ölkə arasında bu günə kimi mövcud iqtisadi əlaqələr təməlinin qoyulmsı, bundan sonrakı mərhələ üçün çox böyük ümid vəd edir və hər üç prezident də dünənki görüşdən çox məmnun qalıblar. Eyni zamanda Azərbaycan tərəfi də öz təkliflərini, həyata keçirə biləcəyi layihələri təqdim edib. Bu görüş ölkəmizin gələcəyi üçün çox vacib və əhəmiyyətli görüşlərdən biri olub".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...