Əcəl Əhmədinejaddan uzaqlaşmır

Əcəl Əhmədinejaddan uzaqlaşmır

İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilə münasibətləri pozulduğu iddia edilən İran prezidenti Mahmud Əhmədinejadın İran parlamenti tərəfindən impiçment ediləcəyi bildirilirdi. Lakin İran prezidenti Mahmud Əhmədinejat 8 günlük fasilədən sonra vəzifəsini icra etməyə başlayıb. İranın dövlət başçısı 1 may tarixində hökümətin iclasında iştirak edib. Lakin öz postuna gələn prezident barəsində söhbətlər səngimək bilmir.

 

Artıq İranda yeni bir Bəni Sədr presedentinin yaşandığı barədə söhbətlər güclənib. 22 mart 1933-cü ildə Həmədanda anadan olmuş Əbul-Həsən Bəni Sadr İran iqtisadçısı, siyasətçi və İran İslam Respublikasının ilk prezidenti olub. Tehran Universitetində ilahiyyat və iqtisadiyyat təhsili alan Bəni Sədr 1960-cı illərdə şah əleyhinə tələbə hərəkatına qatılıb, iki dəfə həbs edilib. Daha sonra Fransaya qaçaraq Ruhullah Xomeyninin şah əleyhinə hərəkatına qoşulub. Fransada yaşadığı dövrdə Sarbon Universitetində doktorluq dissertasiyasını müdafiə edib. İslam inqilabının ardından 1979-cu ilin fevralında Xomeyni ilə birlikdə İrana dönən Bəni Sədr 1979-cu il boyunca iqtisadiyyat nazirinin köməkçisi, sonrakı il isə maliyyə naziri vəzifəsində çalışıb. 25 yanvar 1980-ci ildə 9 namizədə qarşı 78,9 faiz səslə İran İslam Respublikasının ilk prezidenti seçilib.

 

1980-ci ilin avqust və sentyabr aylarında iki təyyarə qəzasından salamat çıxan Bəni Sədr az sonra Xomeyni ilə ali baş komandanlıq mövzusunda fikir ayrılığı yaşamalı oldu. İslamçı xəttə yaxın bir liberal olan Bəni Sadr hakimiyyət daxilində başlayan çəkişmələrin ardından münaqişəni uduzdu. 21 iyun 1981-ci ildə parlamentin qərarı ilə impiçment edilərək ölkəni tərk etmək məcburiyyətində qalan Bəni Sədr hələ də Fransada mühacirət həyatı yaşayır. Əhmədinejatın da son 8 gündə "itkin düşməsi" onun da yaxın günlərdə eyni taleyi yaşayacağı barədə iddialara yol açıb.

 

Onun Xameneyi ilə ziddiyyətə getməsinin səbəbləri aydın deyil. Bununla belə, prezidentlə ali dini rəhbər arasında fikir ayrılıqlarının mövcudluğu barədə fikirlər çoxdan dolaşmaqda idi.

Bütün xəbərlər Facebook səhifəmizdə