“Ermənistanın ünvanına deyilən ittihamların danılması gülüş doğurur” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Prezidentinin, 25 iyunda, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edərkən Ermənistan rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlər həqiqəti zərgər dəqiqliyi ilə əks etdirir və danılması, yumşaq desək, gülüşə möhtacdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, yalnız Paşinyan və hökuməti deyil, ümumən, “Ermənistan dövləti” adlanan, ancaq faktiki olaraq xarici güclərin maddi və siyasi asılılığında olan bir quramun, rejimin ünvanına deyilən haqlı sözlər, elə haqlı dərəcədə də qəbul görməlidir.

“Bir böyük qonşunun forpostu olan, sabah-birisigün forpsostluğunu qəbul edəcək yeni böyük dövlətlər axtarmağa həvəsli, öyrəncəli və bu minvalla ərazilərini işğalla genişləndirmə xətti tutan Ermənistan, ünvanına deyilən ittihamları artıqlaması ilə haqq edib.

Fikir verin, birincisi, dövlət başçısı həmin fikirləri məhz hərbi hissə açılışnda dedi və əsgərlərimizin hərbi-vətənpərvərlik və ideoloji tərbiyəsindən danışarkən bu barədə danışdı. İkincisi isə, Ermənistanın öz işğalçılıq siyasətini son illər yeni libasa bürüdüyünü unutmayaq. Qabaqlar əli bilxassə qana batmış Köçəryan, Sərkisyan diktaturası fonunda işğalçılıq, terrorizm qarşımızdaydısa, bu gün o diktatura və işğalçılıq “demokrat libası”na bürünüb çıxır qarşımıza.

Məhz bu nöqtə düyün nöqtəsidir. Elə biliriəm, bizim siyasi opponentlər məhz bu düyündə ilişir. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlar Azərbayacan, konkret olaraq, torpaqlarımızın işğalda saxlanması mövzusunda eyni nöqtəyə vurur. Açıqca görünür ki, ta Şaumyandan bəri, ondan da bir qədər öncədən, ən azı “Daşnaksütun”-un yarandığı 1890-cı ildən bu yana, millətçi, sosdem, kommunist, liberal-demokrat, radikal, demokrat və sair libaslara bürünə-bürünə, vahid məqsəd ətrafında birləşə bilirlər. Azərbaycan Prezidenti öncələr də bu məqama diqqət çəkmişdi və hər birimiz fərqində olmalıyıq ki, qarşımızda necə bir mütəşəkkil zehniyyət var və qiyafə dəyişə-dəyişə bugünə gəlib çıxıblar. Ancaq bizlər onların çata biləcəyi ən yuxarı yerdən aşağı salınması əzmində, iradəsində və bilincində olmalıyıq. Çünki biz haqlıyıq, çünki biz artıq həqiqətləri bilirik, çünki biz artıq güclüyük, peşəkar ordumuz var və ordumuz öz gücünü ən yaxın tarixdə isbat edib. Və bizim milli hərb sənayemiz var, bununla yanaşı yalnız bir dövlətə bağlı olmayan hərbi əməkdaşlığımız var, çağdaş silahlar almışıq və alırıq. Belə olan halda, qarşımızdakı hansı libası geyir-geysin, hansı havanı oynayır oynasın, biz öz haqlı mövqeyimizdən, torpaqların azad edilməsi işindən bir addım geri ata bilmərik. Bununçün də düşmənin iç üzünü yaxşı bilmək, onun oyunlarını pozmaqçün hansı girdabın içində olduğunu fərq etmək, ideoloji pozuntularına bələd olmaq çox önəmlidir. Dövlət başçısı da məhz buna vurğu etdi və “indiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq. Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir” dedi.

Bəyəm, kim inkar edə bilər ki 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkar, oğru-quldur, Xocalı soyqırımının məsuliyyətini daşıyanlar deyil!?

İnkar etmək olarmı ki düşmənin qəhrəman dediyi, qəhrəmanlaşdırdığı şəxslər cinayətkar və prezidentləri də rüşvətxor olmayıb? Guya, 2018-ci ildən sonra nə dəyişib ki?! Cənab Prezidentin dediyi kimi, indiki hakimiyyət də xarici dairələrdən idarə olunur. Və indiki Ermənistan hakimiyyətinin ünvanına deyilən, haqlı ittihamların danılması qayət, çətindir. Prezidentin Paşinyanın ünvanına dediyi məlum fikirlər hamısı faktlara söykənir. Özünü demokrat adlandıran şəxs, mediaya qarşı, siyasi rəqiblərə qarşı, qanunvericiliyə qarşı yolverilməz üsulsuzluqla mübarizə aparır. Hər şey bir yana, bütün dünya bilir ki, əsas qanuna, Konstitusiyaya əlavə və dəyişikliklər ancaq referendum yolu ilə edilə bilər, ancaq Ermənistan hakimiyyəti referendumda keçməyən dəyişiklikləri parlamentdə etmiş bulunur...

Eyni zamanda, Ermənistanda korrupsiya, rüşvətxorluq və sair necə danıla bilər ki, artıq dünyada nə qədər adam bilir ki, Paşinyan özü, ailəsi, yaxınları qaçaqmalçılıqla məşğuldur. Bir sözlə, bu gün Ermənistan baş naziri, onun qohumları, yaxın çevrəsi rüşvətxorluğun rəmzinə çevrilib. Rüşvətxorluğun rəmzinə çevrilib fikri Cənab Prezidentə aiddir və bu o qədər tutarlı təsbitdir, Paşinyanın “demokrat libası”nın nə qədər cırıq-sökük olduğunu dəqiq göstərir.

Hazırda gerçək əhalisi 2 milyon nəfərdən az olan işğalçı ölkənin durumunu cənab Prezidentin bu sözləri, səlis koordinant oxları kimi, “3D Xəritə” kimi, təsvirli kitab kimi bariz şəkildə göstərir: “Orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır. İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli,demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir”.

Əlbəttə, mən Cənab Prezidentin bütün çıxışını bir daha təkrarlamamalıyam, lakin bir daha vurğulamalıyam ki, bu qədər faktoloji təsvir, gerçəklik mənzərəsi cızılmışkən, bizim siyasi rəqiblər düşmənin düşdüyü duruma müqabil, Azərbaycanın iqtidarının gücünə güc qatmağamı çalışmalıdır yoxsa, əli çatan, sözü yetən qədər də olsa, əks-təbliğatmı aparmalıdır? Başa düşü¬rəm, verdiyim sual ritorikdir və cavabı özündədir...
Dövlətimiz zaval görməsin! İşğala son verdikdən, işğalçılar öz dərsini aldıqdan sonra, belə söh¬bətlərə də ehtiyac qalmaz inşallah. Qələbə günəşi hamımızı isidəcək, görməyən gözləri görər, eşitməyən qulaqlar duyar olacaq. O günə bugündən salam olsun!“, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə