"Özümüzü və ətrafımızı bu virusdan qoruyaq, dövlətin məsləhətinə riayət edək" ÖZƏL-MÜNASİBƏT

"Son zamanlar sosial şəbəkələrdə COVİD -19 ilə əlaqədar olaraq ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı həqiqətə uyğun olmayan şaiyələrin şahidiyik. İstisna deyil ki, bu şaiyələr bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə yayılır. Əfsuslar olsun ki, məsələlərdən məlumatlı olmayan bəzi sadə insanlar belə dezinformasiyaları yayanların təxribatlarına kömək etmiş olurlar". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, dünyanın bütün ölkələrində hal-hazırda pandemiyanın yeni dalğasının şahidiyik: "ÜST-ün statistikasına da nəzər salsaq COVİD -19 virusuna yoluxmuş ölkələr içərisində məhz ən qabaqcıl səhiyyəyə malik olan inkişaf etmiş dövlətləri görə bilərik. Unutmaq olmaz ki, dünya hələ bu səviyyədə qlobal virusla qarşılaşmamışdır.

Koronavirusla mübarizə aparan dövlətlər sırasında ölkəmiz xüsusi çəkiyə malikdir. Bu aylar ərzində pandemiyanın geniş yayılmaması, onun sosial və iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlər görülməkdədir. Respublikada koronavirus xəstələrinin müalicəsinə 20-dən çox xəstəxana ayrılıb, regionlar da əhatə olunmaqla 5 modul tipli xəstəxana istifadəyə verilib, daha 5 belə xəstəxananın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bu müddət ərzində səhiyyə işçilərinin xidmətlərini xüsusiylə vurğulamaq lazımdır.

Eyni zamanda koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində müvafiq profilaktik tətbirlər, o cümlədən, yollarda, ictimai iaşə obyektlərində, insanların kütləvi toplaşdığı yerlərdə, binaların bloklarında, liftlərində və sair yerlərdə dezinfeksiya işləri aparılmaqdadır.

Xüsusi ilə qeyd edilməlidir ki, COVİD -19 ilə bağlı bütün analizlər pulsuz olaraq dövlət tərəfindən həyata keçirilir. Ən müasir 23 laboratoriyada analizlər yoxlanılmaqdadır. Hal - hazırda gündəlik test sayı 5.500 - 9.500 arasında dəyişməkdədir. Beləliklə, bütün dünyada olduğu kimi cəmiyyətimiz də bu COVİD - 19 bəlasıyla üz -üzədir. Çalışaq ki, özümüzü və ətrafımızı bu virusdan qoruyaq, dövlətin məsləhətinə riayət edək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə