Azərbaycan Prezidenti Əsasnaməni təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası xarici dövlətlərlə ticarət-iqtisadi, elmi-texniki, humanitar, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsinə və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə mühüm önəm verir.

Ötən illərdə xarici tərəfdaşlarla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi milli iqtisadiyyatımızın şaxəli inkişafına və onun qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfə vermişdir. Xarici ölkələrlə əməkdaşlıq üzrə yaradılmış birgə komissiyaların Azərbaycan tərəfi də bu istiqamətdə görülən işlərin effektiv həyata keçirilməsinə əhəmiyyətli dəstək göstərmişdir.

Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyətinin effektiv formada təşkili və hesabatlığının təmin edilməsi məqsədilə qərara alınır ki, “Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur);

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...