“Bəziləri insanları çaşdırmaqla, görülən işlərə kölgə salmaqla məşğuldurlar” ÖZƏL-MÜNASİBƏT

Bəzi mətbuat orqanları, sosial şəbəkələr, eləcə də bəzi insanlar hər şeyi qara rəngdə görməyə, kiçik bir çatışmamazlığı şişirtməyə, uğurlara hər vasitə ilə kölgə salmağa artıq adət etmişlər və bu pandemiya ilə mübarizədə də özünü göstərir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bəzən xəstəliyin şərh olunmasında təzadlı, çox vaxt da gülməli fikirlərə də rast gəlirik.

“Hər gün koronavirus minlərlə can aldığı, dünyanı çıxılmaz vəziyyətə saldığı halda bir çoxları xəstəliyin varlığına inanmır, hətta bunun bir oyun, kələk olduğunu düşünür, bəziləri isə bunu pul toplamaq vasitəsi hesab edirlər. Başa düşməyənlər tibbi maskalardan istifadə etməməyi, sosial məsafə saxlamamağı, qayda-qanunu pozmağı bir qəhrəmanlıq kimi qiymətləndirirlər. Xəstəlik isə öz işindədir, deyilənlərə məhəl qoymur və daha çox insanı canından edir.

Azərbaycan dövləti, ağıllı insanlar bütün bu deyilənlərin əleyhinədir. Dövlət başçısı Cənab İlham Əliyev koronavirusun ağırlığını öz üzərinə götürdü. Xəstəliyin dəhşətli olduğunu yüksək qiymətləndirdi. Təcili qabaqlayıcı tədbirlər görüldü. Mehriban xanım Əliyevanın ana, bacı, vətəndaş, nənə, bir siyasi rəhbər ruhlu çıxışları, müraciətləri milyonlarla insanın qəlbini kövrəltdi, onları mübarizəyə səfərbər etdi. Operativ qərargah yaradıldı, xəstəliyin qarşısının alınması üçün külli miqdarda vəsait ayrıldı, mobil tipli xəstəxanalar quraşdırıldı, müasir tipli tibbi avadanlıqlar alınıb gətirildi, qoruyucu vasitələr istehsal edən müəssisələr yaradıldı, istifadədə olan bir çox xəstəxanaların təchizatı yaxşılaşdırıldı, xarici mütəxəssislər də işə cəlb olundu. Günün 24 saatı insanların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi və bu anbaan davam etdirilir. Həkimlərimiz, tibb işçilərimiz, polislərimiz, müvafiq xidmət orqanları gecəli-gündüzlü işləyir, həftələrlə ev üzü görmürlər, insanları ölümdən qurtarmaq üçün əsl fədakarlıq göstərirlər. Belə olan halda bəzi mətbuat orqanları, bəzi sosial şəbəkələr insanları çaşdırmaqla, görülən işlərə kölgə salmaqla, qarayaxmalarla məşğuldurlar. Onlar hansısa bir təcili yardım maşınının gecikməsini, xəstəxanada yer olmamasını və ya bir dərmanın gec verilməsini, xəstənin xırda narazılığını böyük faciə kimi təqdim edir, ininsanlara heç bir yardım, qayğı göstərilməməsi, səhiyyə xidmətinin acınacaqlı vəziyyətdə olması həkimlərin, tibb işçilərinin laqeyidliyi, kobudluğu haqında xoşagəlməz şayələr uydururlar. Bu yolverilməzdir və belə insanlar sözsüz ki, vəziyyəti düzgün qiymətləndirmirlər. Onlar bilməlidirlər ki, dünyanın bütün ölkələri kimi Azərbaycan da belə bir xəstəliyin mövcudluğunu və yayılacağını gözləmirdi. Nəinki Azərbaycan, inkişaf etmiş ən böyük dövlətlər belə bu dəhşətli xəstəliklə mübarizəyə hazır deyildilər və dünyada yaranmış ciddi çətinliklər bunu aydın göstərir. Amerika, İtaliya, İngiltərə, Fransa, Rusiya kimi ölkələr koronavirusun qarşısında aciz qaldılar və bu gün də çətinlik çəkirlər. Bu dövlətlərlə müqaisədə Azərbaycan dövləti daha ciddi tədbirlərə əl atdı və ilk gündən xəstəliyin qarşısı qətiyyətlə alındı. Ancaq son günlər vətəndaşlarımızın səhlənkarlığı, laqeyidliyi, məhz belə yalan şayələrə uymaları, qayda qanunu pozmaları nəticəsində ölkədə xəstəliyə yoluxanların sayı artmaqdadır. Mən insanlara, vətəndaşlarımıza bir daha müraciət edirəm: Qardaş və bacılarım, yalanlara uymayın, qayda-qanunlara əməl edin, maska taxın, sosial məsafə saxlayın, həmrəy olun, əks təqdirdə həyatınnızı qoruya bilməyəcək, ağır bəlalara düçar olacaqsınız”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə