"Hamımız pandemiyanın fəlakətli durum yaratdığının şahidiyik" ÖZƏL-RƏY

"Bilməyib yanlışlığa yol vermək insanı məsuliyyətdən azad etməsə də, hər halda, o, geniş ictimai tənəyə məruz qalmır. Amma bilərəkdən səhv etmək - qorxulu haldır. Belə əməlin sahibi - ictimai təhlükə mənbəyidir. Ondan nə desən gözləmək olar...Bu gün hamımız ölkədə pandemiyanın fəlakətli durum yaratdığının şahidiyik. Bunun əsas səbəblərindən biri bəzi vətəndaşlarımızın maska taxmaması, məsafə saxlamaması, digər epidemioloji normalara əməl etməməsidir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, artıq heç kəs əlini ürəyinin üstünə qoyub söyləyə bilməz ki, mən maskadan istifadə etməməyin acı nəticələrə yol açacağını bilmirdim: "Altı ay davamlı olaraq rəsmi qurumların, mətbuatın, tibb ictimaiyyətinin apardıqları təbliğat belə bəhanələrə yer qoymayıb. Hərəkətləri ilə infeksiyanın geniş yayılmasına fürsət verən şəxslər barədə qanuni ölçü götürmək üçün bu yaxınlarda, hətta, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr, dəyişikliklər edildi. Artıq minlərlə adam karantin qaydalarını pozduqlarına görə yeni qaydalar əsasında cərimələnmiş, məsuliyyətə cəlb edilmişdir.

Fəqət sözügedən hüquqpozmalarının sayı azalmır ki, azalmır. Odur ki, qanunun tələblərinin daha da sərtləşdirilməsi bir zərurətə,deyərdim ki, ictimai tələbə çevrilməkdədir. Söhbət bütöv bir toplumun, xalqın sağlamlığından, genefondumuzun təhlükəsizliyindən gedirsə, dövlət daha ciddi tədbirlər görməyə məcburdur.Burada bir məsələni vurğulamağı vacib hesab edirəm. İstisna deyil ki, maska taxmayanların içərisində, gerçəkdən, onu almağa vəsaiti çatmayanlar da olsun. Bəli, bu həqiqətdir ki, imkansızlıqdan hər gün özünə və ailə üzvlərinə maska əldə edə bilməyən vətəndaşlarımız da var. Ümidvaram ki, uyğun dövlət orqanları bu məsələni tənzimləyəcəkdir. Ümumiyyətlə, az təminatlı ailələrə, işsizlərə maddi yardımla yanaşı, pandemiya müddətində qoruyucu vasitələrin dövlət hesabına verilməsi məsələsi də aktualdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə