Azərbaycana olan münasibətlər heç də əvvəlki kimi, məsələn ötən əsrin sonlarında olduğu kimi deyil. Bunun çox köklü və əsaslı səbəbi var və münasibətlərin dəyişməsi də əbəs yerə deyil. Bir zamanlar Azərbaycan beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətdə olduğu halda, daha dəqiq desək, ötən əsrin sonlarında külli miqdarda xarici borclanma olduğu halda, hazırda ölkəmizin xarici borcu çox azdır və heç bir asılılıqdan söhbət belə gedə bilməz. Həmin dövrlərdə, yəni, ötən əsrin 90-cı illərində götürülən borc vəsaitləri ölkəmizdə büdcə kəsirinin örtülməsinə məsrəf edilirdisə, hazırda bu belə deyil və indi hətta elə ölkələr vardır ki, Azərbaycana borcludur. Münasibətlərin dəyişməsinə də təsir edən əsas səbəblərdən biri də elə məhz budur.
Asiya İnkişaf Bankının rəhbərliyi ilə dövlət başçımız arasında keçirilən videokonfrans bir sıra məqamlara da aydınlıq gətirdi. Hətta bu videokonfrans ölkəmizə olan münasibətlərin dəyişdiyini bir daha isbatladı. Sözügedən videokonfransda Asiya İnkişaf Bankı tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə atılan addımlar ciddi şəkildə dəstəkləndi. Bu dəstək, bu münasibət ilk dəfə də deyildi və bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya dövründə Azərbaycanın atdığı addımları təqdir edir və alqışlayır. Belə bir münasibətin özü də təsadüfi deyil və xatırlatmaq yerinə düşərdi ki, mövcud vəziyyətlə mübarizə məqsədilə maliyyə dəstəyi almaq üçün beynəlxalq maliyyə institutlarına müraciət edən 150 ölkə sırasında Azərbaycanın adı yoxdur və ölkəmiz öz daxilində mübarizəyə vəsaitlər sərf etməklə yanaşı hətta digər qurumlara və ölkələrə maddi yardımlar da ayırıb. Videokonfransda Cənab Prezident İlham Əliyev şəxsən bu barədə xatırladıb da.
“Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimizdir", deyə Cənab prezident diqqətə çatdırıb.
Əslində, bu ilin əvvəlindən başlayaraq meydana gələn koronavirus adlı bəla dünyanı cənginə alıb və dünyanın əksər ölkələri çətinliklərlə üz-üzə qalıb. Mövcud vəziyyətin dünyanın bütün ölkələrinin iqtisadiyyatına, əlaqələrinə, münasibətlərinə, nəticədə gəlirlərinə mənfi təsir etdiyi günün reallığıdır. Bu reallıqla elə ölkəmiz də üzləşib. Amma, məsələ burasındadır ki, digərlərindən fərqli olaraq, Azərbaycan virusla, pandemiyanın gətirdiyi fəsadlarla, çətinliklərlə özü, öz hesabına uğurla mübarizə aparır və müsbət nəticələr əldə edir.
Qeyd olunduğu kimi bir çox ölkələr maliyyə problemləri ilə bağlı beynəlxalq maliyyə institutlarına dəstək üçün müraciət edib və yardım gözlədiyi bəllidir. Bir növ onlar dəstək almaq məcburiyyətindədirlər və bu dəstək olmadan keçinilməyəcəyinin fərqindədirlər. Amma, Azərbaycan nə Beynəlxalq Valyuta Fonduna, nə də Dünya Bankı kimi maliyyə qurumlarına müraciət etməyib və əslində buna ehtiyacı da yoxdur. Bu isə o deməkdir ki, ölkəmizin bundan sonra da həmin qurumlara belə bir müraciət edəcəyi gözlənilmir. Səbəb isə odur ki, ölkəmizin mövcud makroiqtisadi göstəriciləri və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bu dayanıqlılıq özü də səbəbsiz deyil və qeyd etmək yerinə düşərdi ki, 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar öz müsbət nəticələrini artıq verib və nəticələr mövcud dayanıqlıqda artıq mühüm rol oynayır. Digər tərəfdən də, Cənab Prezidentin dediyi kimi, xərclərimiz mənfəətimizi heç vaxt üstələməyib. Belə olan halda borc götürməyə nə kimi ehtiyac ola bilər axı?
Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın birbaşa xarici dövlət borcu 8.320,0 milyon ABŞ dollarıdır və bu rəqəm 2019-cu il üzrə Ümumi Daxili Məhsulun 17,3 faizini təşkil edir. Bu isə o deməkdir ki, dövlət tərəfindən bu borc istənilən anda bağlanıla bilər və bu heç bir çətinlik də törətmir. Yəni, hiss olunmayacaq dərəcədədir. Xarici dövlət borcu nədir? Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarıdır. Onu da nəzərə almaq lazımdır ki, xarici dövlət borcu o zaman kritik sayıla bilər ki, o Ümumi Daxili Məhsulda 30 faizdən yuxarı həddə olsun. Deməli, ölkəmiz hətta bundan sonra xarici borclanmanı davam etdirə də bilər. Amma, ölkə başçısının rəhbərliyi ilə aparılan düzgün, uğurlu siyasət sayəsində buna heç ehtiyac və lüzum yoxdur.
Doğrudur, borclanma, xarici dövlət borcu heç də təsadüflərdən yaranmır və borclanma bir sıra səbəblərlə bağlı ola bilir. Məsələn, devalvasiyalarla əlaqədar milli valyutanın dəyərdən düşməsi, ölkəmizin təşəbbüskarı olduğu və böyük regional, eləcədə də qlobal əhəmiyyət daşıyan layihələr üçün borclanma ola bilər ki, bunlar nəinki başadüşüləndir, həm də vacibdir. Yəni, nümumə olaraq qeyd olunan hallarda böhranlı vəziyyətin aradan qaldırılması, eləcə də layihələrin reallaşsırılması məqsədi ilə xarici dövlət borcuna ehtiyac duyulur və bu hal digərləri üçün də xarakterikdir.
Məsələ burasındadır ki, hazırki vəziyyətdə, yəni pandemiya şəraitində yuxarıda sadalanan hallar olmadan belə bir sıra, özü də inkişaf etmiş ölkələr belə beynəlxalq maliyyə qurumlarına əl açmalı olduqları halda, Azərbaycan buna ehtiyac duymadı. Doğrudur, hərhansı beynəlxalq qurumun ölkəmizə maliyyə ayırması məsələsində istər vəsaitin alınması, istər zəmanəti, istərsə də qaytarılması yönündə zərrə qədər problem ola bilməz. Əvvəla, beynəlxalq maliyyə qurumları ölkəmizin almış olacağı vəsaitləri tez bir zamanda qaytarmaq potensialına malik olduğunu yaxşı bilir. Digər tərəfdən də bu vəsaitlər üçün yetərincə zəmanətlər də var və buna həmin qurumların bir zərrə şübhəsi də yoxdur. Amma, bir halda ki, mövcud şəraitlə bağlı vəziyyətin öhdəsindən lazımınca gəlmək üçün ölkəmizin potensialı, qüdrəti var, borclanma nəyə gərəkdir? Çox sevindirici haldır ki, xarici dövlət borcunun cəlb olunmasına dövlətimizin ehtiyacı yoxdur və bu çətin dövrdə, pandemiyanın bütün dünya iqtisadiyyatını, yaşam tərzini belə çökdürdüyü bir zaman fasiləsində ölkəmiz virusla da, onun yaratdığı fəsadlarla da, mövcud şəraitlə də öz hesabına və uğurla mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB