ABŞ-ın İsrailə dəstəyi sonsuza qədər davam edəcəkmi? - ANALİZ

ABŞ-ın İsrailə dəstəyi sonsuza qədər davam edəcəkmi? - ANALİZ

İsrail və ABŞ arasındakı əlaqələrin gözləniləndən aşağı olduğuna kimsənin şübhəsi yoxdur. Bunun səbəbi nədir? SİA-nın məlumatına görə, ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalının yazarı Aluf Benn bu suala cavab verməyə çalışıb. Onun fikrincə, Obama ilə Netanyahu arasındakı anlaşılmazlığın səbəbi eynilə tarixdə Ruzveltlə Çörçilin arasında olduğu kimidir.

 

İsrailin ABŞ-dakı səfiri Mixael Oren mövcud siyasi xaos mühitində Vaşinqtonun Orta Şərqdə Təl-Əvivdən daha etibarlı dostunun olmadığını iddia edir. Bölgənin strateji xəritəsinə baxan zaman böyük ölçüdə qeyri-sabitlik və qeyri-müəyyənlik görünür. Misiri, Suriyanı və beş il sonra Səudiyyə Ərəbistanıı kim idarə edəcək? ABŞ gücləri çəkilsə İraqda nələr olacaq? İran mövcud rejimlə yeni regional süpergüç olaraq qələbəmi qazanacaq, yoxsa rejim dəyişikliyi baş verərək Qərb tərəfdarı düşərgəyə geri dönəcək? Amerikalı siyasətçilər bu suallara dəqiq bir cavab verə bilməsə də, İsrailin demokratiyası, inkişaf etmiş iqtisadiyyatı, güclü ordusu və möhkəm ABŞ tərəfdarlığı ilə olduğu kimi qalacağından əmin ola bilərlər. Şübhəsiz ki, İsrailin siyasətini beynəlxalq arenada dəstəkləmək, onu müasir texnologiya məhsulu olan silahlarla təchiz etmək ərəb dünyasında və Qərbi Avropada ABŞ-a qarşı qəzəb yaradır. Lakin İrana və onun Orta Şərqdəki tərəfdarlarına qarşı dayanan yeganə ciddi mərkəzin İsrailin olduğu ortadadır.

 

1950-ci illərdən bu yana İsrail Qərbin panərəbizm və panislamizmlə əlaqədar narahatlığını ifadə etdiyi halda, digər tərəfdən də müəyyən ərəb ölkələrinin milliyyətçiliyini müharibələr və diplomatiya yolu ilə təşviq edir. İsrail 1956-cı ildə Fransa və Böyük Britanya ilə birgə, 1967-ci ildən 1970-ə qədər də ABŞ-ın dəstəyilə panərəbizmin qabaqcılı olan Misir prezidenti Camal Abdül Nasirlə döyüşdü. Lakin onun xələfləri olan Ənver Sədat və Hüsnü Mübarəklə sülh əldə etdi. Çünki Sədat və Mübarək Misirin maraqlarının ümumi ərəb və ya müsəlman maraqlarının qarşısında olduğunu düşünürdü. Bu gün İsrail və ABŞ panislamizmin qalası olan İran İslam Respublikası ilə bir ölüm-dirim "soyuq müharibəsi" aparır.

 

İsrail Fələstini Qərbi Şeria və Qəzza ilə məhdudlaşdırmağı hədəfləyir, eyni zamanda geniş Fələstin diasporu və mühacirlərin 1948-ci il əvvəli Fələstinə geri dönmə tələbini yerinə yetirmək istəyində deyil. İsrail bu siyasətdə də Qərblə bir ortaqlıq edir. Çünki Qərb İran prezidenti Mahmud Əhmedinejadın müasir nasirçiliyini (Yəhudi dövlətini ortadan qaldırmaq və milyonlarla 1948-ci il mühaciri, eləcədə varislərini olmayan qəsəbələrə və kəndlərə geri gətirmək) mənimsəmək əvəzinə, torpağın bölünməsinə söykənən iki dövlətli həllə dəstək verir.

 

Nəhayət həqiqi bir yanaşma Orenin İsrailin ABŞ üçün strateji əhəmiyyətinə dair etdiyi analizlə və İsrailin özünü rəqib bir müsəlman əhatəsində qərbli polis bölməsi olaraq təyin etməsi ilə paralellik daşıyacaq. Lakin Oren Vaşinqton və Qüdsdə eyni cür anlaşılan və qəbul edilən ortaq dünyagörüşü vurğulamaqla kifayətlənmir. O, eyni zamanda İsrailin ABŞ-ın dəyərlərini və qurucu atalarının sionist inanclarını əks etdirdiyini müdafiə edir. Con Adams və Abraham Linkoln siyasi sionizmin atası Teodor Herzldən əvvəl yəhudi dövlətinin yaradılmasını xəyal etmişdi.

 

ABŞ-ın İsrailə dəstəyinin arxasında bu romantik xəyallar var. Orenə görə İsrail Orta Şərqdəki bir mini-ABŞ-dır. Hər iki ölkə eyni dəyərlərə və siyasətlərə sahibdir. İki müttəfiq arasındakı bəzi anlaşılmazlıqları qəbul edir, lakin təsirinin minimum səviyyədə olduğunu söyləyir. Orenin baxışına görə, İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlarda icra etdiyi məskunlaşma fəaliyyəti kiçik bir detaldan ibarət və sülhə mane olmadığı kimi, qarşıdurmanı da qızışdırmır. Çox təəssüf ki, Oren İsrailin Fələstin işğalının səbəb olduğu daha dərin dəyərlər qarşıdurmasından yan keçir. Çünki işğal ABŞ-ın müstəmləkə əleyhdarı ənənəsinə ziddir. Hindistan və Afrikanı işğal edən Böyük Britanya və Fransa kimi İsrail də öz daxilində demokratiyanı qoruyur, lakin "Yaşıl xətt"in kənarında təbəələri üçün demokratiya tanımır. Oralarda yəhudi məskunlaşmaçılar ərəb qonşularından daha üstün haqqlardan faydalanır. Bu ədalətsizlik ABŞ prezidenti Barak Obamanın İsrailin məskunlaşmalarına və İsrail baş naziri Benyamin Netanyahunun sağçı hökumətinə niyə soyuq baxdığını açıqlayır.

 

Oren anlaşılmazlığı pərdələməkdən də yayınmır: "Ən isti dostluqlarda belə anlaşılmazlıq yaşanır. İkinci Dünya Müharibəsində Britanya ilə ABŞ arasındakı münasibət də belə idi. Müasir tarixin ən məşhur ittifaqı, hərbi planlama və tənzimləmələrə dair anlaşılmazlıqlarla dolu idi". Həqiqətən də Franklin Ruzvelt və Vinston Çörçil müharibənin prioritetləri ilə bağlı razılaşa bilmirdi; çünki yüksələn bir qlobal lider və iqtisadi güc mərkəzi enişə gedən müflis bir imperatorluğa göstəriş verirdi. Eyni anlaşılmazlıq bu gün Obama ilə Netanyahu arasındakı əlaqələrdə də özünü göstərir. Obamaya görə İsrail qeyri-qanuni bir müstəmləkəçi cəhdini davam etdirir. Netanyahuya görə isə Obama idealları Orta Şərqin həqiqətlərinə uyğun gəlməyən bir solçudur. İsrail lideri məskunlaşmalardan imtina etmənin Qərbi Şeria təpələrini İran nəzarətinə verməkdən başqa işə yaramayacağını iddia edir. ABŞ İsraili İranın nüvə silahlarından qoruması qarşılığında məskunlaşmaların olmadığı bir müstəqil Fələstin dövlətini istəyir.

 

Bununla belə ABŞ-ın İsrail məskunlaşmalarına əleyhdarlığı söz olaraq qaldı. ABŞ-İsrail əlaqələrində iki tərəf də strateji baxımdan həyati əhəmiyyət daşıyan məsələlərə görə biri digərini idarə etdi. ABŞ İsrailin Çinə silah satmasını qadağan etdi, lakin Qüdsün Orta Şərq sülh prosesində gedişatı müəyyən etməsinə göz yumdu. İşğal və məskunlaşmalara dair anlaşılmazlıqlara baxmayaraq ABŞ-ın Qərb Şeriaya nəzarət edən və Qəzza mühasirəsini davam etdirən İsrail ordusuna pul və silah verməsinin səbəbi də budur. Bu yalnız İsraillə münasibətdə icra olunan ikilistandart deyil. Bir-birinin ardınca gələn ABŞ prezidentləri demokratiya ilə əlaqəsi olmamasına və insan haqqlarını pozmasına baxmayaraq neft zəngini Səudiyyə Ərəbistanını daim dəstəklədi.

 

ABŞ-ın bölgədəki maraqlarını qorumaq baxımından güclü bir İsraildən daha etibarlı alternativi yoxdur. Mövcud ərəb üsyanlarından alınacaq tək bir dərs varsa, o da ümumi maraqlara söykənən ittifaqların kövrəkliyidir. Bunun üçün Misir prezidenti Hüsnü Mübarəkin taleyinə baxmağımız kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə