"Sammit Azərbaycanın tam müstəqil olduğunu nümayiş etdirdi" ÖZƏL-MÜNASİBƏT
“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəsiziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır. Özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olunduğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır". Bunu SİA-ya millət vəkili Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Azərbaycanın ərazi bütövlüyü bərpa olunması məsələsinə Prezidentimiz İlham Əliyev xüsusi diqqət çəkərək bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir: "Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.
Videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replika atması da gözdən qaçmadı. Hər zaman olduğu kimi məntiqsiz, cəfəngiyatla, yalanla dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Prezidentimiz tərəfindən kəskin şəkildə çavablandırılıb. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammit Münhen debatından sonra Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olduğunun növbəti nümayişi oldu.
Ermənistanın baş nazirinin yersiz replikasına ölkə Prezidentimizin təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına daha bir mesaj oldu. Eyni zamanda videokonfrans formatında keçirilən Sammit Azərbaycanın tam müstəqil mövqeyi olan dövlət olduğunun nümayişi oldu - deyə, Naqif Həmzəyev qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB