Ermənistan “Qarabağ Azərbaycanındır və nida işarəsi!” bəyanatını qəbul edir ANALİTİK + FOROFAKT
Bunu işğalçı ölkənin pasport idarəsi də isbatlayıb
Bir neçə gün əvvəl erməni KİV-lərində Ermənistan vətəndaşı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocavənd (ermənilər Martuni adlandırır) rayonunda anadan olmuş şəxsin pasportunun şəkli yayılmışdı. SİA-nın məlumatına görə, Ermənistanın pasport idarəsi xanım vətəndaşın doğulduğu yeri Azərbaycan olaraq qeyd edib. Nəticədə bu reallıq radikal və ultramillətçi ermənilərin etirazlarına səbəb olub.
Lakin bu amil həm də onu sübut edir ki, erməni millətçilərinin səs-küylərinə, haray-həşirlərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida işarəsi!” bəyanatını elə Ermənistanın dövlət idarələri də təsdiq edirlər. Yəni sözügedən pasportdakı yer adı isbatlayır ki, bu gün “Dağlıq Qarabağ Respublikası” adlı müstəqil subyekt mövcud deyil.
Bu arada “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan jurnalistlərlə söhbətində bildirib ki, Qarabağda doğulmuş insanların pasportlarında doğulduğu yerin Azərbaycan kimi göstərilməsi “siyasi nöqteyi-nəzərdən anlaşılan deyil”.
Ancaq erməni pasportlarında ərazi olaraq Azərbaycanın göstərilməsi Ermənistan siyasətinin işğalçılıq və aqressivlik üzərində dayandığını növbəti dəfə sübut etməkdədir.
Hətta Ermənistanın özü də separatçı qurumun “müstəqilliyini” tanımır
Sovet zamanlarında Dağlıq Qarabağ muxtar vilayət olaraq Azərbaycanın tərkibində idi və hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağda anadan olan ermənilərin doğum yerləri kimi məhz Azərbaycan göstərilir. Bu baxımdan da əminliklə nəticəyə gəlmək olar ki, son onilliklər boyunca ermənilərin işğalçılıq siyasətlərinə haqq qazandırmaq cəhdləri fiaskoya uğrayıb.
Məsələn, ötən illərdə ermənilər “DQR”in beynəlxalq arenaya çıxarılması üçün dəfələrlə cəhdlər göstərsələr də, buna nail ola bilməyiblər. Hətta digər separatçı “respublikalarla” (Abxaziya, Cənubi Osetiya, Dnestryanı və s.), Qərb ölkələrinin kiçik bələdiyyələri ilə “razılaşmalar” əldə olunsa belə, bütün bunlar hüquqi qanunsuzluq adlandırılıb və beynəlxalq aləm tərəfindən tanınmayıb. Fəqət, daha bir fakt budur ki, hətta hazırkı zamanda Ermənistanın özü də separatçı qurumun “müstəqilliyini” tanımır.
Hətta Ermənistan hər dəfə Dağlıq Qarabağın guya Azərbaycanın ərazisi olmadığını bəyan etsə belə, bu cəhdlər rəsmi Bakı tərəfindən ciddi hüquqi və tarixi arqumentlərlə rədd edilir. Beynəlxalq aləm də bilavasitə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etməklə yanaşı, Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü faktiki olaraq ortaya qoyurlar.
Ermənistanın dövlət orqanları bilavasitə beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərmək və Dağlıq Qarabağı rəsmən Azərbaycanın ərazisi qismində görmək məcburiyyətindədir
O cümlədən, əgər Ermənistan hər dəfə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmadığını öz təbirincə sübut etməyə cəhdlər göstərirsə, bu zaman növbəti məntiqi sual meydana çıxır: Yaxşı, əgər Ermənistan həmin cəhdlərini davam etdirirsə, onda nəyə görə Dağlıq Qarabağda doğulmuş vətəndaşlarının doğum əraziləri olaraq Azərbaycanı göstərirlər?
Artıq Ermənistanın dövlət orqanları bilavasitə beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərmək və Dağlıq Qarabağı rəsmən Azərbaycanın ərazisi qismində görmək məcburiyyətindədir. Hər halda, işğalçı ölkə uğursuz siyasətindən əl çəkməli və bütün cəbhələrdə məğlub olduğunu etiraf etməlidir. Buna sübut kimi də məhz rəsmi Bakının “Dağlıq Qarabağ erməniləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar” rəsmi tezisini, bəyanatını göstərmək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB