Tomas Hegedüs: “Biz doğru bildiyimiz yolda hərəkət edəcəyik, erməni dostlarımızı narahat etsə belə”

Tomas Hegedüs: “Biz doğru bildiyimiz yolda hərəkət edəcəyik, erməni dostlarımızı narahat etsə belə”

Biz macarlar olaraq Azərbaycan xalqının yanındayıq, onlar üçün əlimizdən gələni edəcəyik. SİA-nın məlumatına görə, bu sözləri Türkiyə-Macarıstan Parlamentlərarası dostluq qrubunun rəhbəri Tomas Hegedüs deyib.

 

Türk-Macar İşadamları Dərnəyinin təşkilatçılığı ilə Budapeştdə təşkil edilən konfransda çıxış edən Tomas Hegedüs Dağlıq Qarabağ probleminin həllində Azərbaycana güclü dəstəyini davam etdirdiyini bildirib. O, keçən həftə üç millət vəkilinin təşəbbüsü ilə parlamentə təqdim etdiyi qanun layihəsində yer alan Azərbaycan torpaqlarını işğal edən ermənilərin geri çəkilməsi, müharibə zamanı torpaqlarından qovulan bir milyon azərbaycanlının öz doğma evlərinə geri dönməsi istəyini yenidən dilə gətirib.

 

T.Hegedüs daha sonra deyib: "Biz Avropanın mərkəzində parlamentimizdə müzakirə olunan bu qanunla səssizliyi pozduq. Ermənilər bu davranışımızdan məmnun olmadılar. Biz Ermənistanın reaksiyasını təxmin edirdik. AB-nin müvəqqəti sədri olan Macarıstanın bu məsələni parlamentə daşıması erməniləri də narahat edə bilər. Biz doğru bildiyimiz yolda hərəkət edəcəyik. Erməni dostlarımızı narahat etsə belə".

 

Qeyd edək ki, keçən həftə Macarıstandakı ikinci böyük müxalifət partiyası olan Daha Yaxşı Macarıstan Uğrunda Hərəkat (Jobbik) Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq platformada gündəmə gətirilməsi məqsədi ilə parlamentə qətnamə layihəsi təqdim edib. Macarsıtan parlamentinin üçüncü böyük partiyası hesab edilən müxalif Jobbik partiyasının rəhbəri Gabor Vona məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistan Azərbaycan torpaqlarına zorla girərək minlərlə günahsız insanı qətlə yetirib, BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq Ermənistanın işğal etdiyi torpaqları hələ də azad etməməsi gündəmə gətiriləcək.

 

Gabor Vona xüsusi olaraq vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını azad etməməsi qəbul edilməzdir: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizinin işğal edib, 20 mindən artıq azərbaycanlı öldürülüb, Ermənistanın bu hərəkətlərinin soyqırımı olduğu və bunu bütün dünya tərəfindən tanınması vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə