27 ildən çoxdur ki, daim demokratiyadan, haqq və ədalət uğrunda sivil siyasi mübarizə aparmalarından pafoslu şəkildə danışan, özünü tərifləyən radikal müxalifət düşərgəsinin "ana", "ata" müxalifəti sayanlar hələ də dəyişə bilmir ki, bilmir. Başqa cür də ola bilməz. Çünki öz çirkin əməllərini həyata keçirmək məqsədi ilə, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinməyən AXCP sədri Əli Kərimli və onun ətrafındakılar zaman və müddət keçsə də əsl simalarını göstəriblər. Bəli, zaman və müddət dəyişməyib və AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Müsavatın ünvanına söyüş və təhqir sindromunun canlanması da, əslində ilk və təəccüblü hadisə deyil. Bu kimi qarşıdurmalar və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və həqarətlər əslində uzun illərə söykənən reallıqdır. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur və növbəti dəfə AXCP-nin rəyasət heyətinin “zoom” iclasında, sosial şəbəkələrdə, mətbuat vasitəsi ilə hələ də "satqın", "xəyanətkar" ittihamı ilə bir-birilərini təhqir etməkdən belə çəkinmədilər. Hətta, Arif Hacılı və İsa Qəmbəri söydüklərini etiraf edərək, Mustafa Hacıbəylini də “dabandaşı» adlandırdılar.
Baş verənlər qaragüruh müxalifətin bariz “simasıdır”
Göründüyü kimi, baş verənlər qaragüruh müxalifətin bariz “simasıdır”. Yenə də çayxana söz-söhbətləri, yenə də küçə və tin söyüşləri necə deyərlər, biri bir qəpikdən. Bir də belə savaşların isə qalibi olmur, əksinə hər iki tərəf ağır, rüsvayçı məğlubiyyətlərə doğru sürətlə irəliləməkdədirlər. Çünki şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çılpaqlığı ilə sərgiləməkdədir.
Siyavuş Novruzov: "Bu antimilli ünsürlərin “müzakirə”si elə bu cür mənəviyyatdan uzaq yanaşmalardan ibarətdir"
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov sözügedən məsələyə münasibət bildirərkən vurğulayıb ki, siyasət meydanında heç bir rola və təsir gücünə, eləcə də xalqın etimadı və dəstəyinə malik olmayan “Milli Şura” adlanan qondarma qurumda cəmləşən radikal ünsürlər özlərini ifşa etməyə davam edirlər: "Müəyyən müddətdir ki, dağıdıcı düşərgə təmsilçiləri xaricdən maliyyələşən, anti-Azərbaycan dairələr tərəfindən idarə olunan internet TV kanalları vasitəsilə yalanlar tirajlayır, bununla da həqiqətləri təhrif edərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məqsəd Azərbaycanın uğurlarının, müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Çünki onlar ölkəmizin inkişafından, respublikamızın qüdrətinin daha da artmasından, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyinin mövcudluğundan narahat olan erməni lobbisinin, ermənipərəst dairələrin maddi dəstəyi və siyasi sifarişləri əsasında hərəkət edirlər. Təbii ki, heç bir nəticə verməyən bu qarayaxma kampaniyası hər zaman iflasa düçar olur. Çünki radikal ünsürləri tarixin tozlu arxivinə göndərmiş Azərbaycan xalqı ölkəmizdə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir, vətəndaş-dövlət birliyinin pozulmasına xidmət edən bu cür cəhdləri qətiyyətlə rədd edir".
S.Novruzov “Milli şura”da toplaşmış antimilli ünsürlərin “fəaliyyət”ini və mahiyyətini əks etdirən son zamanlar adını “videoiclas” qoyduqları virtual toplantılarda öz simalarının bir daha nümayiş etdirdiklərini deyib: "Belə qeybət xarakterli, qeyri-ciddi fikirlərin tüğyan etdiyi “iclas”larda səsləndirilən fikirlər onların xalq, ölkə və dünya üçün mühüm əhəmiyyətə malik olan məsələləri müzakirə etmək iqtidarında olmaqdılarını, siyasi dünyagörüşlərinin təhqir, böhtan xarakterli və mənəvi dəyərlərdən uzaq düşüncələrdən ibarət olduğunu göstərir. Bu reallığı əks etdirən bir neçə nümunəyə nəzər yetirək. Əvvəla, “milli şura” adlı qondarma siyasi dərnəyin sədri Cəmil Həsənli sonuncu “videoiclas”da hakimiyyətin təşəbbüsü ilə həyata keçirilən siyasi dialoq prosesinə qoşulan partiyaların ünvanına təhqiramiz ifadələr söyləyib. Bu, hər şeydən əvvəl, iki məqamdan xəbər verir. Birincisi, Cəmil Həsənli və onun radikal düşərgədaşları siyasi sistemin inkişafına xidmət edən dialoq prosesini qiymətləndirmək qabiliyyəti və iqtidarında deyillər. Çünki bu təşəbbüs dağıdıcı deyil, konstruktiv xarakter daşıyır, milli maraqlara xidmət edir, siyasi münasibətlərin inkişafı istiqamətində yeni imkanlar yaradır. Radikal müxalifət üçün isə “milli maraqlar” anlayışı yaddır, onlar bütün imkanlarını Azərbaycanda xaos, vətəndaşla dövlət arasında etimadsızlıq yaratmağa səfərbər ediblər. İkincisi, okeanın o tayında oturub “siyasi nağıl”lar söyləyən Cəmil Həsənlinin siyasi dialoq prosesində iştirak edən partiyalara yönəlik qeyri-etik, təhqir xarakterli fikirləri onun simasında radikalların mənəvi dünyagörüşünün, siyasi əxlaqının hansı səviyyədə olduğunu göstərir. Qərəzi və hikkəsi səbəbindən prosesləri düzgün təhlil edə bilməyən bu antimilli ünsürlərin “müzakirə”si elə bu cür mənəviyyatdan uzaq yanaşmalardan ibarətdir".
YAP rəsmisi, həmçinin Cəmil Həsənlidən eşitdiyi lətifənin təsirindən ayıla və oyana bilməyən Gültəkin Hacıbəylinin yersiz və mənasız çıxışlarını bir daha bu satqının əsl simasının nümayiş etdirdiyini deyib: "Bu, təkcə növbəti özünüifşa deyil, eyni zamanda, həmin insanın timsalında radikal düşərgə təmsilçilərinin siyasi dünyagörüşünün hansı düşüncələrlə “zəngin” olmasından xəbər verir. Sözügedən fakt həm də onun göstəricisidir ki, ölkə və dünya gündəminə dair kifayət qədər ciddi, mühüm əhəmiyyətə malik olan məsələləri təhlil və müzakirə etmək qabiliyyətinə malik olmayan “Milli Şura” gündəmi “yeni” və “fərqli” məsələlərlə “zənginləşdirmək”, özlərinəxas müzakirələrlə meydana çıxmaq düşüncəsindədir".
Radikal şəbəkə müxalifətinin ştatlı tamadasına və "qeybətxana ağbirçəyi"- Gültəkin Hacıbəyli
Doğurdan da, quyuya su tökməklə, quyu sulu olmaz. Və 10 il zaman kəsiyində o deputat kürsüsündə oturmaqla nə mənəviyyatı dəyişdi, nə əxlaqı, nə də düşüncəsi. Radikal şəbəkə müxalifətinin ştatlı tamadasına və "qeybətxana ağbirçəyi"nə çevrilmiş Gültəkin Hacıbəyli "Milli Şura"nın sözügedən "vidoiclasında" sovetlər dönəminin saqqallı lətifəsini xatırlayaraq gülməyə başlayıb. Lətifə budur ki, əslən bakılı olan raykom katibi günlərdən birində başçılıq etdiyi rayondakı fermalardan birinə yollanır, özünü bitməz müdriklikli yerli tanrıcıq kimi göstərmək üçün fermadakılardan soruşur: "Bu inəklər nə qədər süd verir?" Sağıcılar da ona "bunlar inək deyil, buğalardır" deyəndə raykom irişərək deyir: "Hə, yəni inəklərin ərləridir?".
Bax, budur, G.Hacıbəylinin əsl siması.
İqbal Ağazadə: "Amma söz ki, ağızdan çıxdı, adamların özünün tərbiyəsini və düşüncəsini göstərir"
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirir ki, insanlar öz aralarında olsa belə, başqaları haqqında kobud, təhqiramiz ifadələrlə danışması heç bir ədəbə, etikaya sığmayan hərəkətdir: “Amma söz ki, ağızdan çıxdı, adamların özünün tərbiyəsini və düşüncəsini göstərir. Bu tipli hadisələr qətiyyətlə qınayırıq. Partiyalar haqqında söylənənlər isə daha eybəcərdir. Bunun etik olmaması bir yana, amma bir də var ki, siyasi institutlar haqqında belə fikirləri işlətmək heç bir əndazəyə sığmır. Bu şəkildə yanaşmaq, partiyalara belə qiymət vermək ayıbdır. Biz dialoqun tərəfdarıyıq. Çağırılan yerə gedəcəyik, söhbət edəcəyik. Xalqın dövlətin, bizim maraqlarımız təmin olunmayacağı təqdirdə dialoq nəticəsiz olacaq. Amma mən adamlarla görüşməkdən, danışmaqdan niyə qorxmalıyam?. Bunu etməsəm deməli, adamlara qarşı müharibə etməliyəm. Bunun tərəfdarı deyiləm. Azərbaycanda barışın, dialoqun, vətəndaş həmrəyliyinin tərəfdarıyam. Ona görə, insanların uzun müddət keçdiyi yola hörmətsiz davranmaq, qeyri-etik ifadələrlə təhqir etmək insanların nə yaşına nə başına, nə də etikaya sığır. Hesab edirəm ki, cəmiyyət özü belə məqamlardan bu gün də olmasa, gələcəkdə nəticə çıxaracaq”.
Bir sözlə, hansı oyunlardan çıxırsınızsa, çıxın, xalq kimin kmi olduğunu yaxşı bilir və belə qiybətxanayuvası olan "Milli Şura"nın "müzakirəsində" Azərbaycan üçün aktuallıq kəsb edən nəsə yoxdur, ola da bilməz. ecə deyərlər: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB