“Ermənistanın işğalçılıq siyasəti sülh və barışa nail olmaq adına böyük təhdiddir” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın işğalçılıq siyasəti sülh və barışa nail olmaq adına böyük təhdiddir” ÖZƏL-MÜNASİBƏT

Beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, Avropa Parlamentinin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlarına saymazlıq nümayiş etdirərək, hələ də Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin Ermənistana qarşı sanksiyalar tətbiq etməsinin gərəkdiyini təsdiq edir. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Partiya sədrinin birinci müavini qeyd edib ki, Avropa Parlamentinin Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yaymaları, artıq beynəlxalq ictimaiyyətin Ermənistanı dalana dirəməsi deməkdir.

“İşğalçı prinsiplərə dayanan Ermənistanın bütün beynəlxalq təşkilatlarda təmsil olunmasına veto qoyulmalıdır. Çünkü Ermənistanın işğalçılıq siyasəti birmənalı olaraq regionda sülh və barışa nail olmaq adına böyük təhdiddir”, deyə Əsli Kazımova vurğulayıb.

Ə.Kazımova qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan adına olduqca ədalətli maddələrin yer alması heç də təəccüblü deyil.

“Niyə təəcüblü olsun? Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq ictimaiyyəti ədalətsizliyə qarşı səssiz qalmamağa bir çağırış oldu. Düşünün, qətnamədə Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini zaman-zaman ortaya qoyub, ölkəmizin ərazi bütövlüyünü və suverenliyinə birmənalı dəstək ifadə edib. İkili standartlarla deyil, işğalçı Ermənistana qarşı daha sərt mövqe orataya qoyub. Bu böyük uğurdur və bu davam etdirilməlidir”, deyə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə