"Azərbaycan dövlətçiliyi yeni era ilə üz–üzədir" ÖZƏL-ŞƏRH

"Azərbaycan dövlətçiliyi yeni era ilə üz–üzədir" ÖZƏL-ŞƏRH

"Hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri ən yüksək pillədə kimin durmasıdır. Lider amili çox vacibdir. Dövlətin ən yüksək pilləsində dayanan şəxs xalqı ya xöşbəxt, ya da bədbəxt edə bilər. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında populyarlığından asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahədə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Məhz bunun nəticəsidir ki, 2018–ci ilin aprelin 11–də seçicilərin 86,02 faiz səsini toplayan Prezident İlham Əliyev inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan bir qədər əvvəl isə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi və vitse-prezidentlik institutunun yaradılması ilə bağlı referendum keçirilmişdi. Etiraf etmək lazımdır kİ, bir sıra skeptiklər tərəfindən vitse–prezidentlik institututu yaradılarkən, dövlətin digər strukturları və bu yeni struktur arasındakı funksiyalar məsələsi bir sıra sualları doğururdu. Lakin, zaman keçdikdən sonra yeni yaradılan institutun effektivliyinin şahidi olduq". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, 21 fevral 2017–ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva I vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse–prezidentlik institutunun yaradılması siyasi yenilik kimi tariximizə düşmüş oldu: "Son üç ildə Birinci vitse-prezidentin komandası artıq formalaşıb. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb.

Qeyd etmək yerinə düşər ki, ötən aylar ərzində Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətinə böyük maraq göstərib. Vətəndaşlar məhz inandıqları, etimad bəslədikləri Mehriban xanım Əliyevanın təyinat aldığı yeni məsuliyyətli vəzifədə Azərbaycan naminə fədakar fəaliyyətini təqdir edirlər. O, ölkə daxilində mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, ölkə xaricində isə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın bu illər ərzində apardığı humanist addımlar, ölkə daxilində və xaricində hümanitar istiqamətdə reallaşdırdığı layihələr vətəndaşlarımız və həmyerlilərimiz tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Biz, müsəlman–türk dövləti olan Azərbaycan Respublikasının yerləşdiyi əlverişli, amma eyni zamanda həssas geosiyasi şəraiti unutmamalıyıq. Tarixə nəzər saldıqda da , bu coğrafiyada daxili və xarici siyasətin aparılmasının nə dərəcədə mürəkkəb olduğunu görmüş oluruq.

2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyevə bugünlərdə xalq tərəfindən verilən dəstək bir daha göstərir ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Sözsüz ki, bunu istəməyənlər çoxdur. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərirlər. Müstəqil Azərbaycan üçün dövlətçiliyin güclənməsi vacib idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də olduqca çətin prosesdir. Çünki bu proseslərdə beynəlxalq güclərin, dünyadakı qrupların, elitaların rəyləri də vacibdir.

Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı–Tbilisi-Qars, Şimal–Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən ümumdünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da onlar buna nail ola bilmədilər.

Hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs yürütmək olduqca vacibdir. Bu kontekstdə planetin az qala bütün nöqtələrində ABŞ və Rusiya arasında davam edən qarşıdurmaları xüsusilə qeyd etmək lazımdır. Son zamanlar dünyadakı siyasi proseslər baxımından demək olar ki, bütün bölgələr üçün həyəcanlı keçir. Rusiya–ABŞ, ABŞ–İran münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çin və ABŞ arasında soyuq iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz–üzə gəlmələri, Rusiya və ABŞ arasında faktiki olaraq orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən imtina və s. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada “sarı jiletlilər” aksiyası, ABŞ–da qaradərilinin polis tərəfindən döyülərək öldürülməsindən sonra başlanan və kütləvi xarakter alan ümumilli aksiyalar bir daha sübut etdi ki, Paris və ya Vaşinqton kimi zəif olmayan beynəlxalq aktorlar belə xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər.

Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan iş deyil. ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ və s. kimi beynəlxalq aktorların və güclərin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müəssər olmayan siyasətin nəticəsidir.

Xalqın rifahı, xalqın gücü, həm də ölkə daxilində olan sosial–siyasi vəziyyətdən, milli xüsusiyyətləri qoruyan mühitdən asılıdır: 2018–ci ilin Prezident seçkilərindən sonra biz ölkəmizdə bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Buraya idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatları da aid edə bilərik. Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar bunun bariz nümunədir. Prezident tərəfindən son dövrlərdə imzalanan Fərman və sərəncamlardan cəmiyyətin bütün sosial kateqoriyalarından olan vətəndaşları yararlana bildi. 2019–cu il ərzində əhalinin müxtəlif sosial qruplarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, veteranların, tələbələrin, təqaüdçülərin və digər kateqoriyalara aid olan vətəndaşlarımızın maddi durumunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür.
Bütün bu addımlar Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, ötən ilin fevral ayında ölkə başçısının problemli kreditlərlə bağlı Fərmanı təqdirəlayiqdir. Bu dövr ərzində həllini tapan digər aktual problem milyonları narahat edən “kupça”lar məsələsi olmuşdur. Prezidentin verdiyi mühüm qərarla çoxmənzilli binaların “kupça” probleminə son qoyuluşdur.

Həmçinin son aylar ərzində idarəetmədə baş verən struktur islahatlarını da qeyd etmək xüsusilə vacibdir. Regional islahatlar və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində bir neçə icra başçısının həbsi son deyil və il ərzində Prezidentin verdiyi tapşırıqları icra edə bilməyən və yeni dövlətçilik prinsiplərinə cavab verməyən bir çox məmurun vəzifələrindən uzaqlaşdırılmalarının şahidi olacayıq. Ölkəmizdə regionun aparıcı dövləti kimi daha çevik struktura malik optimal idarəetmə tətbiq edilir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi–iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir. Struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Sözsüz ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Eyni zamanda, həyata keçirilən islahatlar ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, müxtəlif sosial kateqoriyalar olmaqla ümumillikdə Azərbaycan vətəndaşının daha firəvan yaşamasına xidmət edəcək.

Təbii ki, dövlətçiliyimiz qarşısında indi dayanan ən böyük çağırış Qarabağ münaqişəsidir. Dünyada “müharibələr etmək hüququnun” dünya güclərinin əlində olduğunu nəzərə alsaq, bu konteksdə informasiya müharibəsi, iqtisadi güc və siyasi imic səngərdən heç də az əhəmiyyət daşımır. Son bir neçə il ərzində Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. Bu istiqamətdə təkcə son 3 il ərzində bir –birindən daha da nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan ərazi bütövlüyünə verdikləri dəstək mühümdür. 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı sənəd imzalanıb. Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb. Həmin ilin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. 2019 – cu ilin payızında Qoşulmama hərəkatının Bakıdakı zirvə toplantısında isə, dünyanın 120 –dən artıq ölkəsi Ermənistanı işğalçı ölkə olaraq adlandırmışlar. Ötən ilin Münhen və Aşqabad toplantılarında Ermənistan Baş nazirinin Prezidentimiz tərəfindən susdurulmasını da nəzərə alsaq, bütün bunlar bizə güc qatan mühüm arqumentlər və resurslardı. Buna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan dünya dövlətləri bu dəfə işğalçı Ermənistanı adı ilə çağırdılar. Beynəlxalq təşkilatlar və ayrı–ayrı dövlətlər tərəfindən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb.

Beləliklə, Azərbaycan dövlətçiliyi yeni era ilə üz–üzədir. Elə ölkəmizə qarşı son zamanlar qonşu ölkələr tərəfindən gələn təxribatların da arxasında Prezidentin apardığı müstəqillik kursu dayanır. Dövlətçiliyimizin möhkəmlənməsini istəməyən, daxildəki islahatlardan narahat olan düşmənlərimiz qarşısında, daha da həmrəy olmaq, yumruq kimi bir olmağın vaxtı çatmışdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə