"Donald Trampı yeni surprizlər gözləyəcək" ÖZƏL - MÜNASİBƏT

"Donald Trampı yeni surprizlər gözləyəcək" ÖZƏL - MÜNASİBƏT

"İndiki halda Tramp öz yaxın ətrafı və "açar" adamlarla mütləq şəkildə münasibətləri gücləndirməlidir". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Amerikada baş verənlər doğurdan da inqilabdır və Jirinovskinin sözlərində hardasa həqiqət var: "Məsələ burasındadır ki, Trampın bir çox davranışları Amerikadakı dərin dövlətlərin bəzi qruplarını hiddətləndirib. Onun Federal Rezerv Fondu ilə münasibəti, ÜST-lə koronavirus pandemiyasına görə münasibəti, eyni zamanda qloballaşmağa qarşı çıxması, həmçinin, Suriyadan, İraqdan və digər bölgələrdən Amerika əsgərlərini çıxartması generalların da ona qarşı olmasını gətirib çıxarıb. Sonda Amerikanın ayrı-ayrı qubernatorları da Trampa qarşı çıxış edirlər. Bunlar təbii ki, təkcə qaradərilinin polis tərəfindən qətlə yetirilməsi ilə bağlı deyil. Bu sistemli şəkildə Trampa qarşı bir təzyiqdir və Tramp da heç də təsadüfi deyil ki, bunkerdə gizlənmişdi.

Son zamanlar Trampın komandasının daxilində də təzyiqlər edilməkdədir. Bütün bunlar Amerikada qarşıdakı seçkilərlə bağlıdır. Bilirsiniz ki, Trampın əsas rəqibi Co Baydendir. Düzdür, Co Bayden Amerika daxilində kifayət qədər nüfuzu olmayan şəxslərdəndir əslində və çoxdanın siyasətçilərindəndir. Hələlik Trampa bəslənən simpatiya, zənnimcə, daha çoxdur. Lakin, Amerikanın daxilində polislərə qarşı aksiyalar başlanğıcdır. Bundan sonra Amerikanı və daha doğrusu Donald Trampı yeni surprizlər gözləyəcək".

Politoloq, Trampın bundan sonra atmalı olduğu addımlardan da danışıb: "Trampın atacağı addım heç də vətəndaşlarla bağlı deyil, dərin dövlət və ayrı-ayrı qruplarla bağlı olmalıdır. Vətəndaşların demək olar ki, çoxu onsuzda Baydendən daha çox Trampı dəstəkləyirlər. Bu aksiyaların arxasında qurulmuş kütlənin, öyrədilmiş kütlənin ssenari üzrə hərəkət etməsini biz sezirik. Bundan qabaqki seçkilər də Tramp üçün çox çətin keçmişdi. "Twitter" və "Facebook" sosial şəbəkələrindən etdiyi təbliğatlarla Tramp seçicilərinin səsini cəlb etmişdi. Bu dəfə artıq, sosial şəbəkələrin başçıları ilə Tramp arasında da münasibətlər münaqişə frazasına gəlmişdir. İndiki halda Tramp öz yaxın ətrafı və "açar" adamlarla mütləq şəkildə münasibətləri gücləndirməlidir".

Qeyd edək ki, Rusiyanın Liberal Demikrat Partiyasının lideri Vladimir Jirinovski bildirmişdi ki, artıq Amerikada inqilabın baş verməsi qaçınılmazdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə