“Polislərimizin fədakarlığını yüksək qiymətləndiririk və onların arxasında olmalıyıq” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan polisi pandemiya dövründə həqiqətən də Azərbaycan vətəndaşlarının sağlamlığının yüksək səviyyədə qorunmasında misilsiz xidmət göstərməkdədir. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi vurğulayıb ki, bir tərəfdə həkimlərimiz, digər tərəfdə də polislərimiz sözün həqiqi mənasında gecəli-gündüzlü çalışırlar ki, insanlarda yoluxma halları minimuma endirilsin, ümumiyyətlə Azərbaycan insanı bu pandemiyadan az zərər görsün və mümkün olduqca ümumiyyətlə, zərər görməsin.
“Təəssüflər olsun ki, polisin və həkimlərimizin bu cəfakeşliyini bəzi vətəndaşlarımız, bəzi insanlarımız anlamır. Bəziləri də anlayır, sadəcə olaraq Azərbaycan polisinin bu qədər cəfakeşliyini həzm edə bilmədikləri üçün onu gözdən salmaqdan ötrü çirkin əməllərə əl atırlar. Son iki gündə, evə qapanma dövründə baş verən hadisələr göstərdi ki, bəzi şəxslər, bəzi qüvvələr, bəzi mərkəzlər Azərbaycan polisinin avtoritetini ayaqlar altına atmaq onu gözdən salmaq, ümumiyyətlə xalqla polis arasında uçurum yaratmaq üçün hər bir fürsətdən yararlanmağa hazırdırlar. Ona görə də öz xidməti vəzifəsini yerinə yetirən polislərimizin başına zibil tökdülər, onları təhqir etdilər, onların əsəbləri ilə oynadılar. Amma maraqlısı və diqqərçəkən məqam ondan ibarətdir ki, Azərbaycan polisləri həmin məqamda olduqca təmkinli davrandılar, özlərindən çıxmadılar, əsəbləşmədilər, xidməti vəzifələrini sonadək yerinə yetirdilər və bundan sonra polisin avtoritetinin ayaqlar altına atıla bilməyəcəyini göstərmək üçün növbəti gün həmin şəxsləri bir-bir müəyyənləşdirdilər və məsuliyyətə cəlb etdilər.
Bax Azərbaycan polisi bu qədər səliqəli, bu qədər dürüst davranır, insanlarımıza bu qədər qayğıkeş yanaşır. Təəssüflər olsun ki, bunu həzm edə bilməyən qüvvələr həm içəridə var, həm də dışarıda var. Həmin qüvvələrə biz xalq olaraq göstərməliyik ki, Azərbaycan xalqının indiki çətin anında özünün həyatını belə riskə ataraq, cəfakeşlik, fədakarlıq edən polislərimizi onların ayağına verməyəcəyik. Yəni biz vətəndaş olaraq polislərimizin bu davranışlarını, polislərimizin bu fədakarlığını yüksək qiymətləndiririk. Heç kim Azərbaycan polisini bizim gözümüzdən sala bilməz. Əgər polisin hansısa qüsuru varsa, qanun pozuntusu varsa bunu da yenə dövlətimiz həll etməlidir. Amma hansısa vətəndaş, hansısa balkondan çığıraraq onu təhqir etməməlidir. Yaxud da başına zibil atmamalıdır, polislərə qarşı şiddət tətbiq etməməlidir.
Biz hüquqi dövlətdə yaşayırıq, Azərbaycanda qanunlar işləyir və təbiidir ki, qanunların işlədiyi bir dövlətdə nə polisə, nə vətəndaşa ixtiyar verilmir ki, qanundan kənar hərhansı addım atsın. Ona görə də bizim polislərimiz bütün bu əsəbi durumlarda təmkinli davranmağa çalışırlar və bunu böyük məharətlə bacarırlar. Vətəndaşlarımız da yaxşı olar ki, bunu düzgün dəyərləndirsinlər.
Bir də “sosial media qəhrəmanları” var ki, sosial şəbəkələrdə polislərə qarşı nalayiq ifadələr işlədirlər, söyüşlər söyürlər, polis haqqında xoş sözlər deyən ayrı-ayrı istifadəçiləri, vətəndaşları təhqir edirlər və maraqlısı da odur ki, o adamları tapıb, aşkara çıxarıb məsuliyyətə cəlb edəndə onlar quzu balasına dönürlər. Yəni o söyüş söyən ağızları yumulur, nəfəsləri kəsilir, qorxudan deşik axtarırlar ki, ora girsinlər. Bu adamlara biz izah etməyə çalışırıq ki, əgər siz insanları bu cür ekran arxasından, monitor arxasından təhqir etməyi kişilik sayırsızsa, bu kişilik deyil. Siz əgər doğrudan da bir qüsur görürsüzsə, bunu ədəb, əxlaq, tərbiyə çərçivəsində buyurun ifadə edin və buna görə sizə heç kim heç nə deməyəcək. Lakin söyüş söymək, təhqir etmək, özəlliklə də xidməti vəzifəsini yerinə yetirən, əmrə tabe olan polisləri, onların ailəsini təhqir etmək yolverilməzdir. Ona görə də düşünürəm ki, Azərbaycan polisi belə adamları aşkarlayıb həbs edəndə, onları məsuliyyətə cəlb edəndə bizim kimi fəal vətəndaşlar da təbii ki, polisin arxasında olmalıyıq”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB