Eldəniz Quliyev bumeranq zərbəsi vəd edir MÜXALİFƏT+ANALİTİK

Rafiq Manaflı isə özünü təhrif etməklə, LGBT tərəfdarı olduğunu təsdiqləyib, Eldəniz Quliyevi də özü ilə dartamağa cəhd edib

Eldəniz Quliyevn "Milli Şura"nın sıralarını tərk etməsindən sonra istər adıçəkilən qurum, istərsə də AXCP rəhbərliyinin təlimatarı ilə sosial şəbəkədə hərəkət edən tərəflərin ona qarşı hücumları, eyni zamanda təhqir və təhdid kampaniyaları kəsilmir. SİA xəbər verir ki, E.Quliyev "facebook vasitəsi ilə ona hücum edənlərin yalan danışdıqlarının, əməllərinin cinayət, əqidələrinin isə çürük olduğunu bildirməklə yanaşı, söyüş və həqarətlər yağdıranların dillərinin zəhər olduğunu da qeyd edib.

Eldəniz Quliyev: "Fikirləri yalan, əməlləri cinayət, əqidələri çürük, dilləri zəqqum..."

"Ey fikirləri yalan, əməlləri cinayət, əqidələri çürük, dilləri zəqqum olanlar! Unutmayın: bu dünyada BUMERANQ adlı İlahi bir fenomen də var!!!"

Bu məsələdə "Milli Şura"nın sabiq funksionerinə dəstək verənlər və qarşı tərəfi sərt şəkildə qınayanlar da tapılıb. İstifadəçilərin bir neçə statuslarını təqdim edirik. Belə ki, Nicat Sədi Niftəliyev həzrət Əlidən sitat gətirərək, "Milli Şura" və AXCP rəhbərliyində olanları "Ey kişiyə oxşayıb kişi olmayanlar" deyə adlandırıb.

İbrahim Baba Nur isə yazır: "Belə adamlar gölə daş atılanda səslərini kəsən qurbağa xislətindədirlər. Vərdişlər ağılı üstələyəndə Bumeranq yada düşməz. Qorxu altında yada düşəndə isə özünüqoruma instinkti önə çıxar..."

Sabira Bababayova adlı istifadəçi isə E.Quliyevin bumeranq iddiasını dəstəklədiyini yazaraq bildirib: "Düz deyirsiz, Bumeranq var, və hər şərəfsiz, satqın öz bumerangını gözləsin. Ürəyinizi sıxmayın, bu da keçər..."

Onu da xatırladaq ki, E.Quliyev "Milli Şura"nın sıralarını tərk etdikdən sonra dostluğunda olan cəbhəçilərin həmin dostluğu tərk etmək tələbini də irəli sürmüşdü. "Haqqı, ədaləti, ən başlıcası mənəvi dəyərləri tapdayıb tərəf tutanlar, lütfən dostluğumu tərk etsin", deyə o sosial şəbəkədə yazmışdı.

Eldəniz Quliyevin Cəmil Həsənlini hədəfə alması Rafiq Manaflının fikrini niyə dəyişdirib?

Lakin daha bir maraqlı məqam onunla birgə "Milli Şura"dan istefa verən VHP funksioeri Rafiq Manaflının E.Quliyevə olan münasibətidir. O da məhz facebook-dakı səhifəsində çıxış edib, ancaq çox ilgincdir ki, E.Quliyevi ittiham atəşinə tutub. O cümlədən, onun istefasını LGBT və cinsi azlıqlarla bağlı olmadığını da bildirib. Daha dəqiq desək, bir neçə gün əvvəl internet televiziyalarının birində (Reaksiya tv) müsahibə verən E.Quliyevin hər şeyi təhrif etdiyini iddia edib. "...Çox təəssüf etdim. Mənim Eldəniz bəyin dediklərinə münasibət bildirmək fikrim yoxdur, hər kəs dediklərinin yükünü özü daşıyır", yazan VHP funksioneri ilk öncə E.Quliyevin "Milli Şura"nın sədri Cəmil Həsənlini hədəfə almasını və onu ittiham etməsini pisləyib. Xüsusilə, C.Həsənlinin bir neçə gün ərzində fikir dəyişdiyinə etiraz edən R.Manaflı yazıb: "Cəmil Həsənlinin 70 il lehimlədiyi xarakterini ABŞ-da 3-4 aya dəyişməsini iddia etmək isə sadəcə gülüncdür..."

Görünür, VHP-nin "Milli Şura" təmsilçisi "tüpürdüyünü yalamaq" frazasına sadiqlik nümayiş etdirərək, yenidən həmin quruma geri dönmək siqnallarını ötürməkdədir.

Rafiq Manaflı: "LQBT-lərə münasibət məsələsinə görə Milli Şuradan heç kəs nə istefaya məcbur edilməyib, nə də özü istefa verməyib..."

LGBT-yə gəlincə isə, "Birincisi, LQBT-lərə münasibət məsələsinə görə Milli Şuradan heç kəs nə istefaya məcbur edilməyib, nə də özü istefa verməyib.

İkincisi, bilavasitə Zoom iclaslarının yayımlanması ilə əlaqədar Milli Şuradan istefa verən yeganə adam mənəm", yazan R.Manaflı açıq-aşkar yenidən özünü LGBT-nin dəstəkçisi kimi göstərib. Üstəlik, özünü E.Quliyevdən ayıraraq, guya iclaslarının canlı yayılmasına görə qurumu tərk etdiyini bildirib. Halbuki, iclas gedərkən bəlli idi ki, o canlı yayımlanır və daha öncəki iclaslar da məhz zoom şəklində keçirilib.

İlqar Məmmədov?

Daha bir maraqlı məqam R.Manaflının E.Quliyevin də "Milli Şura" sıralarını LGBT-yə görə tərk etməməsi iddiasıdır. Məsələn, Manaflı yazıb ki, "Eldəniz bəy də çox da milli dəyərlərin arxasında gizlənməsin. Onun Milli Şuradan istefasının səbəbi LQBT-lərə münasibət deyil, ümumiyyətlə LQBT-lərə heç bir aidiyyatı yoxdur".

R.Manaflı E.Quliyevin "Milli Şura"nın sıralarını tərk etməsinin əsl səbəbinin REAL partiyasının sədri İlqar Məmmədovla bağlı olduğunu da iddia kimi qeyd edib. Daha dəqiq desək, iddia edib ki, E.Quliyev İ.Məmmədova tərif yağdırıb və getməsinin də əsl tərəfi budur: "Eldəniz Quliyevin Milli Şuradan istefasının səbəbi istefasından bir neçə gün qabaq İlqar Məmmədovun ünvanına yazdığı nəinki öz ziyalı səviyyəsinə, heç laborant səviyyəsinə uyğun gəlməyən bir statusu olub".

Lakin görünən ilkin məqam budur ki, əslində E.Quliyev öz addımının arxasında dayansa da, indi R.Manaflı əvvəl dediklərini təhrif edir. O cümlədən, E.Quliyevin fikrini çaşqınlıq yaradaraq dəyişməyə cəhd göstərir. Bütün bunlar isə əlbəttə ki, E.Quliyevi hiddətləndirir və o da qarşı tərəflərin bir gün bumeranq zərbəsindən paylarını alacaqlarına eyham vurur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə