"Azərbaycan özünün ən güclü dövrünü yaşayır" ÖZƏL-ŞƏRH

"Prezident İlham Əliyevin cəbhə bölgəsindəki Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışının əsas hissəsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə həsr olunmuşdu. Prezident cəbhədən Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyini vurğulayan zaman güclü dövlətin, güclü ordunun rəhbəri, xalqın dəstəyinə arxalanan lider kimi danışırdı. Dövlət başçısı özünün gerçəkləşdirdiyi siyasətin doğurduğu reallıqlardan, eyni zamanda yaxın və uzaq keçmişdəki tarixi həqiqətlərdən çıxış edirdi.
Danılmazdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün üstünlüklər indi Azərbaycandadır. 90-cı illərin əvvəllərindəki siyasi çəkişmələrdən başı açılmayan, zəifləmiş Azərbaycanın yerində indi möhkəm iqtisadiyyata, beynəlxalq nüfuza, güclü orduya malik Azərbaycan dayanır". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, güclü Azərbaycanın qarşısında isə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan durur: "Tarixi reallıqlardan tutmuş, günümüzün gerçəkliklərinə qədər bütün amillər ölkəmizin üstün mövqedə olduğunu diqtə edir. Hamı yaxşı anlayır ki, münaqişənin yaxın gələcəkdə Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağı qaçılmazdır.

Prezident çıxışında tarixi faktlara söykənərək, Ermənistanın son vaxtlar Dağlıq Qarabağda düzənlədiyi “seçki” şousunu, ayrı-ayrı auditoriyalarda səsləndirdiyi yalanları heçə endirdi. Həmin çıxışın ayrı-ayrı məqamlarına toxunaq.

Dövlət başçısı qədim torpaqlarımızın Ermənistana verilməsini vurğulamaqla, təkcə tarixi faktları sadalamırdı, məhz güclü bir dövlətin rəhbəri kimi cəsarətlə, qətiyyətlə bir daha bunları dilə gətirirdi. İlham Əliyev indiki Ermənistan Respublikasının ərazisinin qədim Azərbaycan torpağı olmasını, XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə istinad edərək, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu bəyan etdi. Prezident vurğulayıb: “Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?”

Prezident çıxışında bir neçə vacib istiqamətdən də Ermənistanın əsl simasını açıqladı. Bunlardan birincisi, Ermənistan terror dövləti olması ilə bağlı tarixi faktlar idi. İlham Əliyev mövzu ilə bağlı çıxışında bir daha diqqəti Ermənistanda əvvəlki hakimiyyətin dövründə Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəlin qoyulmasına yönəltdi: “Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir”. Bundan başqa:

- Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə ermənilər Azərbaycanın suyunu kəsməklə ekoloji terror törədirlər;

- 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir;

- Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edib. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur;

- Ermənistandakı cinayətkar rejim bütün milli azlıqları əzib. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb. Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir;

- Azərbaycanın tarixi abidələri, məscidlərimiz dağıdılıb, azərbaycanlıların tarixi irsi silinib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə də toxunan İlham Əliyev ilk növbədə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin həqiqəti, ədaləti əks etdirdiyini vurğulayıb. Azərbaycanın səyləri nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir. Beləliklə, Prezident diqqəti üç məqama çəkib:

1. Siyasi və hüquqi baxımdan Azərbaycanın mövqeyi mükəmməl, Ermənistanın mövqeyi isə qüsurludur;
2. Azərbaycan iqtisadi, hərbi sahədə Ermənistandan qat-qat güclüdür;
3. Azərbaycan Ordusunun gücünün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur.

Azərbaycan Prezidentinin çıxışında diqqəti cəlb edən digər mühüm məqam Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş sonuncu saxta seçkilər idi. Bunu təlxəklər tamaşası, şou adlandıran Prezident diqqəti Avropa Şurası istisna olmaqla digər bütün qurumların saxta seçkiləri pislədiyini bəyan edərək, AŞ-nın riyakar mahiyyətini göstərib. Əlbəttə haqlı şəkildə sual olunmalıdır – Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi nədir? Cavab aydındır, əslində - Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləmək! Prezidentin vurğuladığı kimi, Avropa Şurası indi dünyanın bəzi ölkələrində baş verənlərə susur. Qərb ölkələrində polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi baş verir. Prezident bildirib: “Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Beləliklə, real mənzərə budur. İlham Əliyev siyasətinin qətiyyəti, prinsipiallığı dünya çapında güclü Azərbaycan meydana çıxarıb. İndi Azərbaycanın yeni müasir silah, texnika, avadanlıqla təmin olunmuş, infrastrukturu yenilənmiş, döyüş qabiliyyətini daim artıran, sosial bazası gücləndirilən, peşəkarların cəmləşdiyi ordusu var. Münaqişənin həllinə cavabdeh beynəlxalq qurumlar, xüsusilə Ermənistan yaranmış regional vəziyyəti düzgün dəyərləndirməsə, bunun əksi onlar üçün yaxşı heç nə vəd etmir. Ordumuzun adı dünyanın ən güclü 50 orduları sırasında səslənir. Dünyanın ədalətsizliyi müharibə variantını qaçılmaz edəcəksə, Ermənistan belə bir ordu ilə üzləşməli olacaq.

Xatırlatmaq yerinə düşər ki, 2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələri darmadağın edildi və döyüş meydanında ölkəmizin üstünlüyü təmin olundu. 2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi.

Ötən illərdə hərbi büdcənin artımı təkcə rəqəmlərdən ibarət fərəhləndirici iqtisadi göstərici deyil, həm də Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin, açıq desək, müharibə ilə ilgili planlarının dünyaya təbliğidir. Yəni, hərbi büdcənin ilbəil artması Azərbaycanın müharibə ilə bağlı imkanlarını əsaslı şəkildə sübuta yetirir.

Azərbaycan bütün göstəricilərinə görə özünün ən güclü dövrünü yaşayır. Bu güc gec-tez Azərbaycanın ərazi bütövlüyün, tarixi ədaləti bərpa edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə