"Vətəndaşların maksimum məsuliyyətli davranmasına ehtiyac var" RƏY-ÖZƏL

"Öncə nəzərə almaq lazımdır ki, COVİD-19 virusuna yoluxma faktları ilə bağlı statistik göstəricilər aparılan testlərin sayına görə ortaya çıxan nəticələrdir. Və bu təbii ki, əhalinin sayına görə yoluxma hallarının göstəricisi kimi qəbul edilə bilməz. Əgər immun sistemi güclü olan insanların xəstəliyi simptomsuz keçirdiklərini nəzərə alsaq, yoluxma hallarının statistik göstəricilərdən yüksək olduğu qənaətinə gələ bilərik. Belə olduğu təqdirdə, ilk növbədə vətəndaşların maksimum məsuliyyətli davranmasına ehtiyac var". Bu fikirləri SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, yəni insanlar hər kəsə potensial virusdaşıyıcısı kimi yanaşmalı və özlərini qorumalıdırlar.

Ekspert söyləyib ki, hər kəs bir nəfər kimi maskadan istifadə etsə, xüsusi karantin rejimin qaydalarına uyğun davransa, şübhəsiz ki, yoluxma halları da baş verməyəcək və qısa bir zaman ərzində həyatımızı və sağlamlığımızı təhdid edən bu təhlükə sovuşub gedəcək: "Bildiyiniz kimi, istər Nazirlər Kabineti yanında Operativ Qərargah, istər TƏBİB, istərsə də kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları COVİD-19 virusuna yoluxma təhlükəsi ilə bağlı kifayət qədər geniş marifləndirmə işi aparırlar. Bu iş sosial şəbəkələr üzərindən də uzun müddətdir ki, davamlı şəkildə həyata keçirilir. Belə olduğu təqdirdə, əgər kimlərsə xüsusi karantin rejiminin qaydalarına əməl etmirsə və eyni zamanda onun COVİD-19 virusunun daşıyıcısı olduğu aşkarlanarsa, bu halda həmin şəxslərin hərəkətləri cinayət məsuliyyəti yaradır. Bu halda həmin şəxslərin əməli Cinayət Məcəlləsinin 131-ci maddəsinə uyğun olaraq, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma kimi dəyərləndirilə bilər. Cinayət Məcəlləsində COVİD-19 virusu ilə bağlı olmasa da, ayrı-ayrı xəstəlik və virusları yaymaqla bağlı müddəalar da var".

E. Mirzəbəyli qeyd edib ki, hüquqi məntiqə uyğun olaraq, COVİD-19 virusunu yayma ağır nəticələr doğura bildiyi üçün, Cinayət Məcəlləsinin 139, yaxud 140-cı maddəsində nəzərdə tutulan hallar COVİD-19 virusunu yayan insanlara da şamil edilə bilər: "Təbii ki, bunun üçün Cinayət Məcəlləsinə koronavirusla bağlı müvafiq əlavə və dəyişikliklər edilməlidir. Mövcud şərait şübhəsiz ki, sərt tədbirlərin həyata keçirilməsini zəruri edir. Hökumət virusun yayılma təhlükəsini önləmək üçün sərt tədbirlər həyata keçirmək məcburiyyətindədir. Bununla yanaşı, ölkə iqtisadiyyatına dəyən ziyanın davamlı olmaması, iş yerlərinin qorunub saxlanılması üçün də zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Yəni insanların özlərini qorumaqla işlərinə davam etmələri üçün mexanizmlər düşünülməli və həyata keçirilməlidir".

Problem qlobal xarakter daşıdığını deyən siyasi şərhçi pandemiyanın düşündüyümüzdən daha uzunmüddətli ola biləcəyini dilə gətirib: " Amma uzunmüddətli iqtisadi fəaliyyətsizliyə heç bir ölkənin iqtisadiyyatı, maliyyə sistemi davam gətirə bilməz. Bu baxımdan, nəyin bahasına olursa olsun insanların maksimum məsuliyyətli davranmalarına və tələb olunan qaydaların vərdişə çevrilməsinə nail olmalıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...